Ölkəmizdə formalaşmış dövlətdin münasibətləri dünyaya nümunədir FOTO


Digərləri 11 Okt 2018 12:04:00 244 0

Ölkəmizdə formalaşmış dövlətdin münasibətləri dünyaya nümunədir  FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov BOS Şelf şirkətinin kollektivi ilə görüş keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov BOS Şelf şirkətinin kollektivi ilə görüş keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş olunub.

S.Heydərov məruzə ilə çıxış edərək bildirib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir.

S.Heydərovun sözlərinə görə, respublikamızda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Regionun lider ölkəsi olan Azərbaycanın güclü rəhbərinin olduğunu vurğulayan S.Heydərov qeyd edib ki, dövlətimizin başçısı tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib.

O, Bakıda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə dövlətimizin başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib.

S.Heydərov Azərbaycan dövlətinin hər zaman İslam və digər dini konfessiyalara diqqət və qayğısını qeyd edərək, respublikamızda 2016-ci ili "Multikulturalizm İli", 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etməklə Prezident İlham Əliyevin dünyada dini məzhəbçilik zəminində baş verən münaqişələrin həlli üzrə yol xəritəsini göstərməsini diqqətə çatdırıb.

Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizənin hüquqi əsasları barədə məlumat verən Komitə sədrinin müavini qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsindən ibarətdir.

İslam dininin sülh dini olduğunu bildirən Dövlət Komitəsi sədrinin müavini təəsüflə qeyd edib ki, bəzi qüvvələr öz maraqlarını həyata keçimək üçün İslam dinindən, din amilindən istifadə edirlər.

O bildirib ki, son dövrlərdə dünyada, o cümlədən Yaxın Şərqdə gedən proseslərdə, baş verən qarşıdurmalar və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir.

Dövlət Komitəsinin sədr müavini təəssüflə bildirib ki, bəzi dairələr tərəfindən ölkəmizə qarşı dini zəmində yönəlmiş təhdidləri nəzərə alsaq, biz də bu neqativ proseslərdən sığortalanmamışıq. Buna görə də sədr müavini respublikamızda ictimai-siyasi sabitliyin qorunması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə sahəsində hər kəsi fəal olmağa çağırıb. DQİDK-nın sədr müavini onu da deyib ki, bütün bu cəhdlərin qarışısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.

S.Heydərov, həmçinin şirkət əməkdaşlarını DQİDK-nın sifarişi əsasında çəkilən, Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən "Şəhadət" sənədli filmi barədə də məlumatlandırıb.

O bildirib ki, filmə baxarkən Vətən uğrunda şəhid olmuş fədakar, qəhrəman hərbi qulluqçularımız bizi qürurlandırır: "Yad dini ideologiyaların təsirinə məruz qalmış, ailələrinə faciələr yaşatmış gəncləri gördükdə isə təəssüf hissi keçiririk. Filmdə hərbçilərimizin qəhrəmanlıqları və fədakarlıqları gənclərimiz üçün bir nümunədir".

S.Heydərov vurğulayıb ki, filmdə bəhs edilən aprel döyüşləri ölkəmizdə həmrəyliyi, birliyi və vətənpərvərliyi daha da gücləndirib.

Sonda çıxış edən şirkətin rəhbəri İftixar Axundov bu cür tədbirlərin keçirilməsinin, xüsusilə dini radikalizmə qarşı mübarizədən bəhs edən "Şəhadət" sənədli filminin maarifləndirmə sahəsində əhəmiyyətini vurğulayıb. Natiq, eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.


Xəbərə aid fotolar