Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi...


Digərləri 11 Okt 2018 09:20:00 316 0

Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi...

Xəbər verdiyimiz kimi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, bankdan milyardlarla dolların talanmasını təşkil etdiyi üçün hazırda həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın Londonda ərinin mənimsədiyi pullar hesabına aldığı mülklərə həbs qoyulub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, iki gündür bütün Britaniya mediası, o cümlədən beynəlxalq KİV-lər bu məsələdən yazır. Çünki Zamirə Hacıyeva Böyük Britaniyada ötən il qəbul edilən və korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına bu ölkədə əldə edilmiş aktivlərin müsadirəsini nəzərdə tutan qanunun tətbiq edildiyi ilk əcənəbidir.

Lakin Zamirə tək deyil, xəbər verilir ki, hazırda Böyük Britaniyanın cinayətkarlıqla mübarizə Agentliyi (National Crime Agency) daha 120-140 xarici vətəndaşlar - hazırda vəzifədə olan yüksək vəzifəli məmurlar və oliqarxlar barədə araşdırma aparır. Onların əksəriyyəti Rusiya vətəndaşlarıdır.

"Financial Times" qəzetinin yazdığına görə bu ilin iyul ayında məhkəmə mənbəyi qaranlıq gəlirlər hesabına əldə edilmiş aktivlərin müsadirəsinə imkan verən qanun çərçivəsində Zamirə Hacıyevanın 22.5 milyon funt sterlinq dəyərində iki mülkünə həbs qoyanda keçmiş bankirin arvadı bu qərardan apellyasiya verib. Lakin ötən həftə London Yüksək Məhkəməsində hakim Supperstoun bu şikayəti rədd edib, hökmü qüvvədə saxlayıb.

Və bu məhkəmə çəkişməsi Zamirənin Londondakı dəbdəbəli yaşayışının detallarını üzə çıxarıb. Məlum olub ki, təkcə 2006-2008-ci illərdə, yəni ərinin Azərbaycan Beynəlxalq Bankına rəhbərlik etdiyi dövrdə çoxsaylı kredit kartlarından, o cümlədən ərinin bankının buraxdığı 35 "American Express", "Mastercard" və "Visa" kartları ilə 16.3 milyon sterlinq pul xərcləyib. Bu pulların 1500 funtu bir gündə "Harrods" univermağında xərclənib, Zamirə bu univermağın daimi müştərisi olub.

Habelə məhkəmə araşdırması zamanı müəyyən olunub ki, Zamirə "Cartier" və "Boucheron" brendlərindən olan zinət əşyalarına, Londonda elit mülklərə, habelə "Gulfstream 550" tipli özəl təyyarəyə malikdir.

Qəzet yazır ki, Zamirənin presedenti ötən il qəbul edilmiş qanunun digər korrupsionerlərə də tətbiq edilməsinə imkan verəcək. Cinayətkarlıqla mübarizə Agentliyinin (NCA) iqtisadi cinayətlər departamentinin direktoru Donald Ton bildirib ki, bu qanun kriminal yollarla əldə edilmiş gəlirlərin Londonda yuyulmasına qarşı effektiv mübarizə aparmağa imkan verir və indi Zamirə Hacıyevanın barəsində çıxarılmış hökmdən sonra agentlik araşdırdığı işləri Yüksək Məhkəməyə göndərə biləcək.

Zamirənin 42.5 milyon dollarlıq təyyarəsi


Xəbərə aid fotolar