Yuxusuzluq və bu problemi yaradan səbəblər


Digərləri 10 Okt 2018 22:52:00 288 0

Yuxusuzluq və bu problemi yaradan səbəblər

Hər insan yaşından, cinsindən, milliyyətindən, sağlamlıq vəziyyətindən və sosial statusundan asılı olmayaraq yuxusuzluqla qarşılaşa bilər. Hətta tam sağlam və həyatda uğurlu olanlar da bəzən bu problemlə üzləşir. Statistikaya əsasən hazırda dünyanın hər üç sakinindən biri yuxusuzluq problemindən əziyyət çəkir.

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində nevroloq Xəyalə Məmmədova deyib.

Həkim bildirib ki, orta hesabla insana 7-9 saatlıq yuxu kifayət edir: "Lakin buna baxmayaraq 4-5 saatlıq yuxu ilə kifayətlənən unikal adamlara də rast gəlmək olar. Tamamilə yuxusuz yaşamaq mümkün deyil. Fərdi olaraq yuxunun müddəti yaşdan, sinir sistemindən və həyat tərzindən asılıdır. Yuxusuzluq tibbi dildə "insomniya" adlanır. Əsl insomniyadan o zaman söhbət gedə bilər ki, insan gündəlik həyatda özünü pis hiss etdiyindən, zəiflikdən, yorğunlundan və tez əsəbiləşməkdən şikayət etsin".

Ümumiyyətlə heyvanlarda yuxusuzluğun görülmədiyini deyən nevroloq, bu problemin müəyyən intellektə sahib varlıqlara xas xəstəlik olduğunu qeyd edib: "Qadınlar gənclik dövrlərində daha çox yuxusuzluqla qarşılaşırlar. Bunu da bu dövrün həddən artıq emosional olması ilə əlaqələndirmək olar. Kişilərdə isə yuxusuzluğun başqa səbəbləri var və qadınlara nisbətən daha irəli yaşlarında meydana çıxır. Bu, əsasən karyera və ya ailə həyatı ilə bağlı yaranan problemdir. Bəziləri yuxusuzluğun hansısa xəstəliyin göstəricisi olduğunu düşünür. Əlbəttə ki, bu hal müxtəlif xəstəliklərlə yanaşı müşahidə oluna bilər. Bunun üçün yatan zaman diskomfort və ya ağrı hiss olunursa, ilk növbədə, əsas problem-kəskin mədə yarası, bağırsaqların iltihabı, döş qəfəsi xəstəlikləri və s. müalicə olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, yuxusuzluq daha çox nevroz və depressiya zamanı müşahidə olunur ki, bu da müalicə olunduqda keçib gedir".


Xəbərə aid fotolar