Google yeni, möhtəşəm qurğularını təqdim etdi


Digərləri 10 Okt 2018 19:00:00 259 0

Google yeni, möhtəşəm qurğularını təqdim etdi

Google şirkəti Nyu Yorkdakı tədbirdə Pixel 3 və Pixel 3 XL smartfon modellərini təqdim etdi. Baxmayaraq ki, Pixel 3 XL modeli hələ 2 ay bundan öncə jurnalistlərin əllərinə düşmüşdü, şirkət yenə də bəzi mövzular üzrə istifadəçiləri təəccübləndirməyi bacardı. Yeni Pixel smartfon modelləri barəsində bütün məlumat sızıntıları təsdiqləndilər. Google şirkəti 5.5 inç POLED ekrana sahib Pixel 3 və 6.3 inç POLED ekrana sahib Pixel 3 XL modellərini təqdim etdi. Arxa paneldən hər iki model keçən lki smartfon modellərinə bənzəyir. Lakin keçən ilki modellərdən fərqli olaraq yeni smartfonların arxa panelləri şüşədən hazırlanıb. Buna görə də hər iki yeni Pixel modeli naqilsiz şarj texnologiyasını dstəkləyir.

Ön paneldən yeni smartfonlar nəzərə çarpacaq dərəcədə dəyişikliklərə məruz qalıblar. Belə ki, Pixel 3 modeli Pixel 2 kimi böyük çərçivələrdən azad olaraq 18:9 nisbətli ekrana sahib olub. Pixel 3 XL modelinin ekranında çıxıntı hissə, ekranın alt hissəsində isə qalın çərçivə var. Bundan əlavə olaraq yeni smartfonlar toxunuşa həssaslıq funksiyasını da özlərində qoruyub saxlayıblar. Məsələn, istifdəçi hər hansı bir modeli əlində sıxan zaman Google Assistant səsli köməkçisini işə sala bilər. Bu əmri digər funksiyaya dəyişmək mümkün olmayacaq. Hər iki smartfon modeli 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 4 GB RAM, 64/128 GB daxili yaddaş və iki SIM kart girişi ilə təchiz olunub. Pixel 3 2915 mAh, Pixel 3 XL isə 3430 mAh enerji tutumlu batareyaya sahibdir.

Bütün Pixel modellərinin əsas fərqləndirici tərəfləri məhz onların kameraları idi. Yeni smartfonlar da istisna olmadı. Google ənənədən geri qalmayaraq hər iki smartfonu bir ədəd arxa kamera ilə təchiz edib. Beləliklə hər iki smartfon f/1.8 diafraqmalı 12 MP-lik arxa və f/2.2 diafraqmalı 8 MP-lik ikili ön kameraya sahibdir. Yeni modellərdəki kameraların foto və video çəkiliş keyfiyyətləri bir qədər təkmilləşdirilib. Lakin əsas dəyişikliklər çəkiliş rejimləri ilə bağlıdır. Məlumdur ki, Pixel modellərində kamera tətbiqini işə salan zaman smartfon avtomatik olaraq foto çəkməyə başlayır və daha sonra əldə olunmuş kadrları birləşdirir. Yeni smartfon modellərində bu özəllik Top Shot adlı yeni funksiya üçün istifadə olunur.

Bu yeni funksiyanın məğzi ondan ibarətdir ki, smartfonun avtomatik olaraq foto çəkimi zamanı kadrda baş vermiş hansısa hərəkətin əks olunduğu bəzi fotoların yaddaşda saxlamasıdır. Məsələn hansısa şəxs çəkiliş zamanı birdən gözünü yumsa və ya külək onun saçlarını havaya qaldırsa bu funksiya işə düşəcək. Bu anda machine learning sayəsində çəkilmiş fotolar arasında ən uğurlu kadrı seçməkdə yarıdmçı olacaq. Smartfonun daxili yaddaşında yerin qorunub saxlanması üçün alınmış fotolarda lazım olmayan hissələrin keyfiyyəti bir qədər aşağı endiriləcək. Fotonun əsas hissələri isə yüksək keyfiyyətdə qalacaq. Daha bir yeni funksiya Super Res Zoom adlanır. Yeni smartfonlarda optik zoom özəlliyi üçün teleobyektiv olmadığına görə bu funksiya əlavə olunub.

Bu halda da Google şirkəti machine learning özəlliyinə və süni zəkaya öz diqqətini ayırıb. Belə ki, Pixel 3 və Pixel 3 XL modelləri üçün xüsusi alqoritmlər hazırlanıb. Bu alqoritmlər sayəsində fotonun keyfiyyətinin itməməsi ilə birlikdə rəqəmsal zoom reallaşdırmaq mümkündür. Baxmayaraq ki, smartfonlar bir ədəd arxa kameraya sahibdirlər, onların ön panellərində ikili kamera mövcuddur. Belə ki, ikinci kamera modulu genişbucaqlı obyektivdən ibarətdir və kadrda daha çox insanın əks olunduğu səhnələrin çəkilməsi üçün nəzərdə tutulub. Hər iki smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışır və IP68 standartı üzrə tozdan və sudan qorunma özəlliyinə sahibdir. Beləliklə Pixel 3 modelinin qiyməti 799$-dan, Pixel 3 XL modelinin qiyməti isə 899$-dan başlayacaq.

Google şirkəti planşet istehsalına geri dönüş edərək Pixel Slate adlı planşet modelini də təqdim etdi. Cihaz Android tətbiqlərini və Google Play-i dəstəkləyən Chrome OS əməliyyat sisteminin yenilənmiş versiyası əsasında çalışır. Klaviatura və güclü texniki göstricilər sayəsində Pixel Slate planşetini həmçinin noutbook kimi də istifadə etmək olar. Planşet 3000x2000 piksel keyfiyyətli 12.3 inç ekranla təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən bu, bazarda olan ən yaxşı ekranlardan biridir. Yüksək görüntülü təsvirdən əlavə olaraq Google şirkəti həmçinin yaxşı səs keyfiyyətini də düşünüb. Belə ki, planşet ön tərəfdən stereo səsgücləndiricilərə sahibdir.

Planşetdə olan Chrome OS əməliyyat sistemi həmçinin sensorlu idarəetmə üçün də optimizasiya olunub. Əməliyyat sistemi Android, Linux tətbiqlərini və Google Assistant səsli köməkçisini dəstəkləyir. Pixel Slate üçün xüsusi olaraq həmçinin işıq sistemli və dairəvi düymələrə sahib klaviatura da hazırlanıb. Klaviatura planşetdən ayrıca satılır. Texniki göstəricilərə gəldikdə isə Pixel Slate Intel Core m3/i5/i7/Intel Celeron prosessoru, 4/8/16 GB RAM, 32/64/128/256 GB daxili yaddaş, f/1.8 diafraqmalı 8 MP-lik arxa kamera, f/1.9 diafraqmalı 8 MP-lik ön kamera, 48 kilovatt saat gücündə batareya (10 saat çalışmaq imkanı) və 2 ədəd USB Type-C girişi ilə təchiz olunub. Bundan əlavə olaraq planşetin yandırıb/söndürmə düyməsində barmaq izi skanı texnologiyası da mövcuddur.