“Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi”


Digərləri 10 Okt 2018 19:09:10 208 0

“Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi”

Vüqar Rəhimzadənin monoqrafiyasının təqdimatı keçirilib.

Bakı. Mətbuat Şurasının və Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin (BSU) jurnalistika kafedrasının dosenti Vüqar Rəhimzadənin bu adda monoqrafiyasının təqdimatı keçirilib. Tədbirdə BDU-nun Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək təqdim olunan kitabın elmi məziyyətlərindən söhbət açdı. Bildirdi ki, monoqrafiya Azərbaycanda söz və mətbuat azadlığının araşdırılması baxımından önəmli vəsaitdir. Monoqrafiyada xüsusi olaraq azadlıq anlayışının sosial-siyasi dəyərləri, səciyyəvi cəhətləri, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının inkişaf xüsusiyyətləri, söz və mətbuat azadlığıının plüralist mahiyyəti tarixi və müasir inkişaf kontekstində təhlil edilir. Əsərdə, həmçinin mətbuatda fəaliyyət azadlığı və sosial məsuliyyət faktoru, söz və mətbuat azadlığı sahəsində beynəlxalq hüququn norma və prinsipləri, eyni zamanda, qlobal internet şəbəkəsində söz azadlığının realizasiyası – internetdə ifadə azadlığına müasir baxış sərgilənir. Nəzəri problemlərin analizi fonunda Azərbaycan milli mətbuatının təşəkkülü və inkişaf istiqamətləri aydınlaşdırılır, söz azadlığı və azad mətbuatın inkişafında ümummilli lider Heydər Əliyevin rolundan, bu sahədə tərəqqi istiqamətinin genişləndirilməsində Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edilir. Eyni zamanda, mətbuatın azad fəaliyyətində siyasi-hüquqi təminat məsələsi elmi-siyasi baxımdan nəzərdən keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu söylədi: “Hər birimiz yaxşı bilirik ki, bugünkü Azərbaycan mətbuatı çağdaş inkişaf səviyyəsinə çatana qədər olduqca uzun və çətin bir yol qət etmişdir. Əvvəllər qəzetlər indiki kimi azad və demokratik deyildi. Ümumiyyətlə, azad medianın varlığından söhbət gedə bilməzdi. Cəmi bir neçə adda çıxan qəzetlər var idi ki, onlar da günlərlə senzuradan keçməyi gözləyirdilər. 1990-cı illərin əvvəllərindən dövlət müstəqilliyini əldə edildikdən sonra Azərbaycan Respublikasında demokratik islahatların mühüm tərkib hissəsi olan söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılması prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummillim lider Heydər Əliyev demokratik, plüraslist kütləvi informasiya vasitələrinin formalaşdırılması, onun normativ-hüquqi bazasının yaradılması, eləcə də iqtisadi müstəqilliyin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Məhz dahi lider Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüquqi əksini tapdı. Bu baxımdan mətbuatımızın ölkənin yenicə müstəqillik əldə etdiyi dövrlərdən bu günə qədər keçdiyi tarixi inkişaf yoluna dərindən bələd olan müəllifin təqdim etdiyi bu monoqrafiya həm də söz və mətbuat azadlığının tarixinin öyrənilməsi baxımından olduqca önəmlidir”. BDU-nun Jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru Allahverdi Məmmədov kitabın elmi əsaslarına diqqət çəkərək bildirdi ki, ölkəmizdə söz və mətbuat azadlığına verilən böyük dəyərin digər dövlətlərlə müqayisə olunması Azərbaycanda bu sahənin getdikcə inkişafını ön plana çıxarır: “Tələbələrimizə kütləvi informasiya vasitələrinin hüquqi tənzimlənməsi fənnini tədris edirik. Bu mənada Azərbaycan modeli ilə yanaşı, digər ölkələrin də modellərini müzakirəyə çıxarır, məsələyə obyektiv yanaşmağa çalışırıq. Bu gün təqdimatı keçirilən monoqrafiyada bu müqayisələr ətraflı şəkildə öz əksini tapır. Kimliyindən asılı olmayaraq hər kəsin sərbəst düşünmək və fikrini dilə gətirmək qabiliyyəti var. Hesab edirəm ki, təqdim olunan kitabın məğzi də məhz bundan ibarətdir”.