Çinlə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub


Digərləri 10 Okt 2018 17:12:00 245 0

Çinlə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

İqtisadiyyat naziri Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri Vey Cinhua ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri Vey Cinhua ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycanda Çinlə əməkdaşlığa böyük önəm verildiyini, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar olub. Bununla belə ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var. Qeyd olunub ki, Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi fəaliyyət göstərir. Bu ilin sentyabrında Çinin Lucou şəhərində açılmış Azərbaycan Ticarət Evi iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsi ilə yanaşı, Çində Azərbaycan məhsullarının tanıdılmasına, mədəniyyət və turizm sahəsində əməkdaşlığa töhfə verəcək. Bununla yanaşı, Azərbaycanın xarici ölkədə ilk şərab evi də Çinin Urumçi şəhərində açılıb. Bildirilib ki, Şanxayda da Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur. Bütün bunlar isə Çinlə ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcək.