Ermənistan Frankofoniyadan öz məqsədləri üçün istifadə etdiyini açıq nümayiş etdirir


Siyasət 10 Okt 2018 16:36:00 280 0

Ermənistan Frankofoniyadan öz məqsədləri üçün istifadə etdiyini açıq nümayiş etdirir

Frankofoniya təşkilatının Ermənistanda keçirilən XVII zirvə toplantısı çərçivəsində bu ilin 9 oktyabr tarixində İrəvanda açılan "Frankofoniya şəhərciyi"ndə ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan pavilyonu nəzdində təqdim edilməsi Ermənistanın işğalçı siyasətinin davam etdirilməsinə xidmət edən növbəti təxribatçı addımıdır. Bu addım Ermənistanın Frankofoniya təşkilatından öz siyasi məqsədləri üçün istifadə etdiyini açıq şəkildə nümayiş etdirir.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilir.

Azərbaycan XİN bəyan edir ki, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycana qarşı hərbi təcavüz və işğal törədən Ermənistanın bu əməlləri, həmçinin Frankofoniya təşkilatının nizamnaməsi və təşkilatın məqsəd və məramları ilə ziddiyyət təşkil edir:

"Ermənistanın Frankofoniya təşkilatının gündəliyini siyasiləşdirmək cəhdləri bu ölkənin öz işğalçı və təcavüzkar siyasətini ört-basdır etmək və ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən təşkilatın təşəbbüskarı olan Fransanın münaqişənin sülh yolu ilə tənzimlənməsi səylərinə xələl yetirmək niyyətinin göstəricisidir".

Qeyd edək ki, Frankofoniya fransızdilli ölkələrin əməkdaşlıq təşkilatıdır. Təşkilatın üzvü olan 56 dövlət və ya dövlətlərin subyektləri var. Təşkilata üzv olmaq üçün əsas meyar əhalinin fransız dilli olması deyil, Fransa ilə mədəni əlaqələrin olmasıdır. 

İlkin İzzət Son.az