Vüqar Rəhimzadə: "Azərbaycan dünya miqyasında uğurlu model kimi təqdim edilir"


Digərləri 10 Okt 2018 15:18:00 250 0

Vüqar Rəhimzadə: "Azərbaycan dünya miqyasında uğurlu model kimi təqdim edilir"

"Həyata keçirdiyi innovativ islahatlarla daxili inkişafını yüksək səviyyədə təmin edən, beynəlxalq aləmdə nüfuzunu daha da artıran Azərbaycan bu gün dünya miqyasında uğurlu model kimi təqdim edilir. Qarşıya qoyulan vəzifələr uğurla və vaxtında icra edilir. Təbii ki, ölkəmizdə hökm sürən sabitlik və təhlükəsizlik dinamik inkişafı təmin edən mühüm amillər sırasındadır. Gələcəyə hesablanan uğurlu inkişaf strategiyası gənc müstəqil ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri sırasına yüksəlməsində həlledici faktor kimi çıxış edir."

Son.az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizin beynəlxalq imicinin yüksəlməsində birmənalı olaraq Azərbaycan Prezidentinin xidmətləri misilsizdir: "Möhtərəm Prezidentimizin uğurlu xarici siyasi kursu nəticəsində böyük dövlətlərlə ikitərəfli razılaşmalar əldə edilir. Oktyabırın 9-da dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış zamanı möhtərəm Prezidentimiz vurğulayıb ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. "Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır" deyən dövlətimizin başçısı bildirib ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır."