Arıçı: "Bala haram qatılmasa, arı təbiətdən həmişə saf bal gətirər"


Digərləri 10 Okt 2018 13:14:00 314 0

Arıçı: "Bala haram qatılmasa, arı təbiətdən həmişə saf bal gətirər"

1997-ci ildən arıçılıqla məşğul oluram. Astarada biz dədə-babadan qalma "qara arı" cinsini yetişdiririk. Bu, əslində boz Qafqaz arısı cinsidir. Qafqaz arısı cənub rayonunun iqlim şəraitinə uyğunlaşmış ən məhsuldar cinsdir.

Son.az xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, "Uğur" kəndli fermer təsərrüfatının rəhbəri Uğur İbrahimov deyib.

Astara rayonunun Şuvi kəndindən gəlmiş arıçının təsərrüfatında 65 arı ailəsi var: "Hər mövsüm 65 arı ailəsindən 500-800 kiloqram bal götürürəm. Balı əsasən iyul və avqust aylarında süzürəm. Balımın tərkibində cökə, cır xurma, qızılgöz və subtropik bitkilərin nektarı daha çox üstünlük təşkil edir. Sərgiyə gələn arıçılar müxtəlif tərkibli bal gətiriblər. Saf balın həmişə müştərisi olub. Bundan əlavə, yarmarkaya çiçək tozu, propolis də gətirmişəm. Çiçək tozu insanın immunitetini gücləndirir və mədə-bağırsağın ən gözəl dərmanıdır. Bu çiçək tozundan ən çox idmançılar istifadə edirlər. Onlar üçün əlverişlidir, çünki bu çiçəklər insan enerjisini artırmağa müsbət təsir göstərir. Propolis mədədə olan yaranı sağaldır və bağırsaqdan şlakları təmizləyir. Əlbəttə, onların xüsusi hazırlanma qaydası var. Arıları da bəsləmək lazımdır. Mövsümdə, may ayında biz onları Lerik dağlarının yaylaqlarına çıxarırıq və ölkəmizin təbii bitki örtüyü biz arıçılara saf bal almaq üçün geniş imkanlar yaradır. Bir sözlə, əgər bala haram qatılmasa, arı təbiətdən daim saf bal gətirər".