Bakı yollarında sarı tor


Digərləri 10 Okt 2018 10:36:59 387 0

Bakı yollarında sarı tor

"Müasir yol hərəkəti təşkilində qırmızı xətlə cızılan belə bir yanaşma var: hər şeyi sürücü və ya başqa hərəkət iştirakçısı üçün daha aydın, daha əyani etmək, az qala onun ovcunun içinə qoymaq, gözünün qabağına asmaq. Bax, sarı tor da bu yanaşmadan irəli gəlir. Məqsəd odur ki, hətta ən zəif hazırlıqlı sürücünün də səhv etməsinə imkan verilməsin.

Amma məlumdur ki, bütün qaydaların real həyatda icra edilməsi və qarşıya qoyulan məqsədə çatması həmin qaydaların şamil edildiyi insanların yanaşmasından asılıdır. Bizim yanaşmalar isə heç birimizi qane etmir. Ona görə də hər kəs - başda hərəkəti təşkil edənlər və təhlükəsizliyə nəzarət edənlər olmaqla hamı (sürücü, piyada və s.) özündən başlamaqla yanaşmalarını dəyişməlidirlər".

Son.az xəbər verir ki, yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov paytaxtın S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsindəki yolayrıcına çəkilən yeni nişanlanma xəttinin - sarı kəsişmə torunun çəkilməsi ilə bağlı məsələlərə münasibətində bildirib.

Ekspert qeyd edib ki, bu nişanlanma özlüyündə heç bir yeni qayda, yeni tələb müəyyən etmir: "Bu sarı tor "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür. Bu tor ona görə lazımdır ki, sürücü getdiyi istiqamətdə tıxac yaranarkən yolayrıcının və ya hərəkət hissələrinin kəsişməsinin hansı hissəsində dayanıb qalmağının qadağan edildiyini, yaxud tıxac yaranarkən yolayrıcının və ya kəsişmə yerinin hansı hissəsinin daim təmiz saxlanılmalı olduğunu əyani şəkildə görsün, bunu dərk eləsin. Axı məlumdur ki, bəzi sürücülər yolayrıcının və ya kəsişmə yerinin hara olduğunu da dəqiq müəyyən etməkdə çətinlik çəkirlər. Bu sarı tor hər şeyi aydın göstərəcək".

Paytaxtda yolda "tor quruldu" - Nəqliyyatın kilidlənməsinin qarşısını almaq üçün - FOTO Onun sözlərinə görə, sarı tor özlüyündə tıxacın qarşısını almayacaq: "Çünki onun əli və ya dili yoxdur ki, lazım olmayan vaxtda üstünə çıxıb dayanan avtomobili kənara itələsin və ya onun sürücüsünə desin ki, gəlmə, dur, gözlə. Təkrar da olsa, qeyd edirəm ki, bu tor sürücüyə qaydaların tələbini əyani, aydın göstərmək üçündür. Sürücü özü hərəkətini elə hesablamalıdır ki, yolayrıcını getdiyi istiqamətdə tərk edə bilsin, gedib qabaqdakıların arxasında dayanmağa məcbur olmaqla sarı torun üzərində qalmasın".