“Azərxalça” 5 min yeni iş yeri olacaq


Digərləri 09 Okt 2018 23:12:00 235 0

“Azərxalça” 5 min yeni iş yeri olacaq

Gələn ilin sonunadək "Azərxalça"nın müəssisələrinin yaradılması ilə 5 mindən çox vətəndaş iş yeri ilə təmin ediləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

V.Muradov bildirib ki, xalçaçılığın çox böyük potensialı var: "Dövlət vəsait ayırıb, bütün xalça fabrikləri dövlət hesabına tikilir, bütün avadanlıqlar dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcıllıqla yaratmalıyıq. Sizin xalçaçılığın inkişafı ilə bağlı imzaladığınız sərəncamlar, "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" ölkəmizdə ənənəvi xalq üsulu ilə kütləvi xalça istehsalını, onun qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilməsini təmin edir".

O qeyd edib ki, milli mədəniyyətimizin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verib: "Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin nümunələri siyahısına daxil edilib.

Zati-aliləri, Sizin 2016-cı il 5 may tarixli Sərəncamınızla yaradılan "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti 2016-2017-ci illərdə Füzuli, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında filiallar yaradıb. Bu filialların hər birində 150 nəfər toxucunun, 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb, Azərbaycanda istehsal edilmiş 43 dəzgah quraşdırılıb və hazırda milli və orijinal çeşnilər əsasında xalçalar toxunur".

V.Muradov əlavə edib ki, ümumi sayı 900 nəfərə yaxın olan toxucularımızın əksəriyyəti gənclərdir: "Filialların stabil fəaliyyətinin təmin olunması üçün Sizin müvafiq Sərəncamınızla ayrılmış 2 milyon manat vəsaitlə "Hyundai" markalı 18 avtobus da alınıb".

ASC-nin İdarə Heyətinin sədri deyib ki, filiallarda indiyədək Azərbaycan xalçalarının Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Quba, Gəncə, Şirvan, Qazax-Borçalı, Təbriz qrupları üzrə 1330 ədəd, 4401 kvadratmetr xalça toxunub. Yerli və xarici bazarlarda "Azərbaycan brendi" olaraq 287 ədəd, 853 kvadratmetr xalça satılıb:

"Tapşırığınıza uyğun olaraq, Azərbaycan xalçaçılığının inkişafı ilə bağlı həyata keçirilən işlərə İqtisadiyyat Nazirliyi tərəfindən lazımi kömək göstərilir, dəstək verilir. Bu il Sizin sərəncamlarınızla "Azərxalça"nın daha 10 filialının yaradılması üçün vəsait ayrılıb. 2018-ci ilin əvvəlindən Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində, Naxçıvan şəhərində, Abşeron rayonunun Qobu qəsəbəsində, Qobustan, Şabran, Lənkəran, Kürdəmir, Tərtər, Goranboy rayonlarında, Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə filial binalarının tikintisinə başlanılıb. Lənkəran filialının tikintisi artıq başa çatdırılıb, burada 116 nəfər işlə təmin olunub. Digər filial binalarının tikintisi isə bu ilin sonunadək başa çatdırılacaq. Həmçinin 20 emalatxana binasının tikintisi, infrastrukturunun yaradılması, avadanlıq və dəzgahlarla təchizatı üçün "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının dövlət büdcəsində investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitdən 37 milyon 475 min manat vəsait ayrılıb.