Azərbaycan Prezidenti: Kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcək


Digərləri 09 Okt 2018 21:51:00 232 0

Azərbaycan Prezidenti: Kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcək

Kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlət başçısı bildirib: "Mən giriş sözümdə qeyd etdim ki, kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir. 4,3 faiz artım müsbət haldır. Amma əminəm ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcəkdir. Doqquz ayda 5700 kənd təsərrüfatı texnikası alınıbdır. Texnika ilə təminat böyük dərəcədə yaxşılaşıb. Kənd Təsərrüfatı Nazirliyi indi çox ciddi islahatlar aparır. Mənə məruzə edildi, mən bu islahatları dəstəklədim. Hesab edirəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, düşünülmüş, sistemli qaydada, torpaqların münbitliyini nəzərə alaraq, əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq biz mövcud olan torpaq fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə artıra bilərik. Eyni zamanda, kənd təsərrüfatının ekstensiv inkişafı da nəzərdə tutulmalıdır. Biz bir çox meliorasiya layihələrimizi icra etmişik və icra edəcəyik. 192 min hektar sahədə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Onların 4-ü mənim iştirakımla açılıb. Verilən məlumata görə, ilin sonuna qədər açılan aqroparkların sayı 13-ə çatacaqdır".

İlham Əliyev qeyd edib ki, iri fermer təsərrüfatlarında, taxılçılıqda nəticələr çox yaxşıdır. Təqribən hektardan orta hesabla 50 sentner məhsul götürülür: "İri fermer təsərrüfatlarında tətbiq olunan texnoloji prosesi də biz bütün təsərrüfatlara yaymalıyıq. Belə olan halda, biz mövcud əkin sahəsindən daha çox məhsul yığa bilərik. Bu il taxılçılıqda artım olub, 3 milyon ton taxıl tədarük edilibdir. Buğda yığımında məhsuldarlıq 30 sentnerə çatıb. Pis nəticə deyil. Amma hesab edirəm ki, daha da artmalıdır və artacaq.

Pambıqçılıqda gələn ilin proqramı ilə bağlı məruzə edildi. Biz pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməliyik. Məhsuldarlıq artmalıdır. Keçən ilin məhsuldarlığı bizi heç cür qane edə bilməzdi. Bunun bir çox səbəbləri vardır və göstəriş verilmişdir, səbəblər araşdırılsın ki, biz pambıqçılığı məhsuldarlıq hesabına inkişaf etdirək. Eyni zamanda, əgər biz statistikaya baxsaq görərik ki, 2016-cı ildə Azərbaycanda 90 min ton pambıq tədarük edilmişdir, - 2015-ci ili mən demirəm, o illərdə, ümumiyyətlə, məhsuldarlıq çox aşağı idi, - keçən il 207 min ton, yəni, 2 dəfədən çox".

Prezident əlavə edib ki, bu il təqribən 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur: "Yəni, artım dinamikası çox müsbətdir. Onu da qeyd etməliyəm ki, hazırda ölkəmizdə pambıqçılıqda 190 mindən çox insan işləyir. Bax, biz pambıqçılığı inkişaf etdirməyə başlayandan sonra bu insanlar işlə təmin olundular. Biz pambığın alış qiymətini bir neçə dəfə artırmışıq. Bu yaxınlarda son dəfə artırdıq ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar. Bu gün 190 min insanın işi var".