Savaş meydanında mübahilə.


Digərləri 09 Okt 2018 21:15:00 331 0

Savaş meydanında mübahilə.

"Mən öz səhabələrimdən daha yaxşı səhabə, öz qohumlarımdan daha sədaqətli qohum görmədim.

Allah onlara, məni müdafiə etdiklərinə görə xeyirli aqibət versin!"

İmam Hüseyn (ə)

Kərbəla faciəsi İslam tarixinin ən mühüm və mənalı hadisələrindəndir. Cəmi bir neçə saat ərzində baş verməsinə baxmayaraq, bu hadisə həm dərin fəlsəfi mənası, həm də süjet zənginliyi etibarilə əsrlərə bərabərdir. Aşuranın hər bir anı ibrətamiz səhnələrdən ibarətdir. Tarixin bu böyük faciə səhnəsində iştirak edən hər obraz, hər şəhid bütöv bir aləmdir.

Kərbəla şəhidləri öz qiymətli həyatlarını düşmən qılıncları altında başa vuraraq məzlumluqla həlak olduqları kimi, onların ruhları da müəyyən mənada tarixin unutqanlığına məruz qalaraq zülmə uğramışdır. Bunu demək kifayətdir ki, Azərbaycan müsəlmanlarının əksəriyyətindən Kərbəla qiyamının iştirakçılarının adını soruşsaq, yalnız bir neçə nəfər Haşimi şəhidinin adını çəkə bilir, mərsiyələrdən onlara adı yaxşı tanış olan Həzrət Abbas, Əli Əkbər, Əli Əsğər və Qasimi xatırlayır, ən yaxşı halda Həbib ibn Müzahirlə Hürrün adlarını dilə gətirməyə qadir olurlar. Halbuki, aşura şəhidlərinin hər biri tarixlərə dərs verə biləcək şücaət və mərdlik sahibi olmuşlar və onların adının dillərdə əzbər olması sadəcə olaraq, ruhlarının haqqıdır.

Diqqətinizə təqdim olunan silsilə yazılarda qanlı Kərbəla qiyamında İmam Hüseynin (ə) hüzurunda vuruşaraq, şəhadətə nail olmuş bəzi şəxslərin haqqında məlumat veriləcək. Bu məqalələrdə aşura şəhidləri ilə bağlı maraqlı və ibrətamiz hadisələri oxuyacaq, Kərbəlada baş verənlər barədə bilmədiyiniz məqamları öyrənəcəksiniz.

1. Əmi ilə qardaşoğlunun savaşı

Aşura şəhidlərindən olan Haris ibn İmrəül-Qeys Kindi əvvəlcə Ömər ibn Sədin qoşununda olmuş, sonra üç nəfərlə birlikdə İmam Hüseynin (ə) tərəfinə keçmişdi. Ümumiyyətlə, şəhidlərin bir qismi Kərbəlaya düşmən qoşununun tərkibində gəlmişdi. Onlar təkbaşına mühasirəni yarıb İmamın xidmətinə yetə bilməyəcəklərini başa düşdükləri üçün fənd işlətmiş və əks tərəfə qoşulmuşdular. Artıq aşuraya kimi onların bir hissəsi İmamın düşərgəsinə keçə bilmişdi. Aşura gecəsində isə 32 nəfərdən ibarət olan bir dəstə düşmən tərəfdən ayrılıb özünü İmama yetirdi.

Haris aşura günündə döyüş meydanında əmisi ilə qarşılaşdı. Əmisi: "İndi öz doğma əmini öldürəcəksənmi?" - deyə soruşanda Ha¬ris: "Sən mənim əmimsən, amma Allah mənim rəbbimdir" - cavabını verib, onu cəhənnəmə vasil etdi.