AppLab iştirakçıları üçün blokçeyn texnologiyasına həsr olunmuş seminar keçirilib (FOTO)


Digərləri 09 Okt 2018 18:29:00 247 0

AppLab iştirakçıları üçün blokçeyn texnologiyasına həsr olunmuş seminar keçirilib (FOTO)

Bakcell özünün AppLab inkubasiya proqramının iştirakçıları üçün blokçeyn texnologiyasına həsr olunmuş seminar təşkil edib.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell özünün AppLab inkubasiya proqramının iştirakçıları üçün blokçeyn texnologiyasına həsr olunmuş seminar təşkil edib. Şirkətdən Trend-ə verilən məlumata görə, “Gələcəyin texnologiyası: blokçeyn və blokçeyn startapının yaradılması” adlı seminarda yerli startapçılara blokçeyn texnologiyasının iş prinsipləri və onun müxtəlif layihələrə inteqrasiya edilməsi imkanları barədə geniş məlumat verilib. AppLab proqramının məzunu, müxtəlif uğurlu layihələrin müəllifi, WAVES platformasının səfiri və Blokçeyn üzrə təlimçi Orxan Əhmədov bildirib: “Blokçeyn texnologiyası yeni yarananda startapçılar bu yeniliyin hansı sahələrdə tətbiq oluna biləcəyini tam şəkildə başa düşmürdülər. Lakin bu gün blokçeyn üzərində qurulmuş startaplara daha tez-tez rast gəlinir. Biznes sahibi olan gənc startapçılar onun imkanlarını öynənməlidirlər. Çünki bu texnologiya sayəsində xeyli gəlir əldə etmək mümkündür. Blokçeyn artıq gələcəyin əlçatan texnologiyasıdır və biz onu öyrənib real həyatda tətbiq etməyə bacarmalıyıq”. AppLab proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. İştirakçılar müvafiq təlimlərlə yanaşı, şirkətin AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. AppLab Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər. İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə onların inkişafı və innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan şəraitin yaradılması və məsləhətlər ilə dəstək göstərməyə həmişə hazırdır.