Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmədə şahidin ifadəsi çaşqınlıq yaratdı


Digərləri 09 Okt 2018 16:14:00 228 0

Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmədə şahidin ifadəsi çaşqınlıq yaratdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlərin məhkəmə iclası davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Çimnaz Ağayeva bildirib ki, hadisə baş verən gün o, gündüz növbəsində işləyib: "Sonra növbəmi Şəlalə xanıma təhvil verib getdim. Səhər gələndə ora yanmışdı. Mərkəzdə 55 xəstə var idi. Hadisədən 4 ay əvvəl Məhəmməd ora içkili vəziyyətdə müalicə üçün gəlib. Təzə gələndə onunla söhbət etmişəm, sərxoş vəziyyətdə idi. Həmin dövrlərdə Məhəmmədin iynələrini mən də vurmuşam". Hakim şahidin ibtidai istintaqa verdiyi ifadə ilə indiki ifadəsi arasında ziddiyyət olduğunu bildirib. Qeyd edib ki, şahid ilkin ifadəsində M.Məmmədovuun mərkəzdən qaçmağa meyilli olduğunu deyib. Ç.Ağayeva isə ibtidai istintaqa elə ifadə vermədiyini bildirib. Proses davam edir. Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.