Milli Dram Teatrında İlham Əsgərova həsr olunan xatirə gecəsi keçiriləcək


Digərləri 09 Okt 2018 14:11:00 222 0

Milli Dram Teatrında İlham Əsgərova həsr olunan xatirə gecəsi keçiriləcək

Oktyabrın 11-də saat 19:00-da Akademik Milli Dram Teatrında Xalq artisti İlham Əsgərovun anadan olmasının 60 illiyinə həsr olunan tədbir keçiriləcək.

Bakı. Oktyabrın 11-də saat 19:00-da Akademik Milli Dram Teatrında Xalq artisti İlham Əsgərovun anadan olmasının 60 illiyinə həsr olunan tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xatirə gecəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq. Mərasimdə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən İlham Əsgərovun həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunacaq, sənətkara həsr olunan videoçarx nümayiş etdiriləcək. Anım mərasimində İlham Əsgərovun Azərbaycan Teatrının inkişafındakı xidmətlərindən danışılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər. Sonra isə İlham Əsgərovun xatirəsinə həsr olunan “Qürbətdən gələn məktublar” tamaşası nümayiş olunacaq. Yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramın rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.