Uşaqlarda angina xəstəliyi


Digərləri 09 Okt 2018 08:21:00 327 0

Uşaqlarda angina xəstəliyi

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır.

Uşaq anadan olarkən bu badamcıqlar praktik olaraq olmur, çünki steril olan ana bətnində bunlar ona lazım deyil.

Böyüməkdə və inkişafda olan uşaq orqanizmi xarici mühitlə təmasda olarkən bir çox infeksiya və mikroblarla rastlaşmağa başlayır. Bunun nəticəsində müdafiə mexanizmi kimi, badamcıqlar böyüməyə başlayır. Belə böyümə cinsi yetkinlik dövrünə qədər davam edir. Bu dövrdə uşağın immun sistemi özünün formalaşmasını bitirir və adenoidlər, badamcıqlar və bütün limfa düyünləri normaya kimi kiçilirlər.

Badamcıqların böyüməsi normal fizioloji hal hesab olunur. Ancaq həddən artıq böyümüş badamcıqlar (həddən artıq böyümüş adenoidlər kimi) uşaq orqanizminə mənfi təsir göstərir. Çünki bu zaman uşaqlarda tənəffüs çətinləşməsi, qanın oksigenlə təchizatının pisləşməsi və s. mənfi hallar baş verir.

Angina hərarətin 380C-yə və daha artıq qalxması ilə başlayır. Uşaqlar baş ağrısından, udqunma zamanı ağrıdan, halsızlıqdan şikayət edirlər. Baxış zamanı əsnəyin bütün qövs boyu qızartılı olması, badamcıqların isə böyüməsi və şişməsi qeyd edilir. Badamcıqların iltihablaşması adi qızarma və şişkinlikdən başlayaraq, irinli formalaradək inkişaf edə bilər.

Bəzi uşaqlarda angina heç bir simptom olmadan (hərarətin yüksəlməsi, uşağın ümumi halının pisləşməsi və s.) keçir. Bu heç də yaxşı əlamət deyil. Səbəbi isə - uşaq orqanizminin immunitetinin çox zəif olması və infeksiya ilə mübarizə aparmaqdan "imtina etməsidir". Anginalar il ərzində 3-4 dəfədən artıq təkrar olunarsa, bu artıq xroniki tonzillitdir. Bütün digər xəstəliklər kimi, anginanın da müalicəsi ilə yalnız həkim məşğul olmalıdır. Tez-tez angina ilə xəstələnən uşağın anası onun müalicə yollarını yaxşı bilsə də, yenə də həkimlə məsləhətləşmək tələb olunur.

Anginanın müalicəsi antibiotiklərin köməkliyi ilə aparılır. Çox vaxt valideynlər anginanın müalicəsində antibiotikləri "zərərli" sayıb onlardan imtina edirlər. Bunu qətiyyən etmək olmaz! Düzgün və vaxtında aparılmayan müalicənin zərəri antibiotiklərin mümkün zərərindən qat-qat çoxdur.

Böyüyərək tez-tez iltihablaşan (irinli nöqtələr) badamcıqlar uşağın ağız boşlugunda daimi infeksiya mənbəyinə çevrilir. Bu səbəbdən uşaqlar KRVİ, otit, ağ ciyər-bronx sisteminin xəstəlikləri ilə daha çox hallarda xəstələnirlər. Tez-tez anginaların keçirilməsi ürək (qazanılmış ürək qüsurlarınadək), böyrəklər, oynaqlar və digər orqanların da zədələnməsinə səbəb ola bilər. Tez-tez angina ilə xəstələnən uşaqların iştahası pis olur, onlar tez yorulur, hirsli olurlar.

Beləliklə, angina ağır fəsadları ilə qorxulu olan ciddi bir xəstəlikdir. Buna görə də onu səylə, diqqətlə, məsuliyyətlə müalicə etmək lazımdır.