"100dən artıq CV göndərdim, 50dən çox müsahibəyə getdim"


Digərləri 08 Okt 2018 21:47:00 270 0

"100dən artıq CV göndərdim, 50dən çox müsahibəyə getdim"

Leyla Surxayzadə: "Mənim üçün hər şey macəra kimi görünə bilər" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İşə yalnız işləmək kimi baxmır, həm də öyrənmə prosesi olduğunu düşünür. Həm işləyir, həm də ətrafdakı insanların təcrübəsindən nələrsə götürür. "Sevdiyiniz işlə məşğulsunuzsa, həyatınız boyu işləməmiş olursunuz" - fikrini özünə aid edir. Sevdiyi işlə məşğuldur, nə isə fayda verir, fayda götürür... Müsahibimiz "Code Academy"nin karyera mərkəzinin direktoru, İnsan Resursları mütəxəssisi, kouç Leyla Surxayzadədir.   - İş tapmaq, işə başlamaq, CV yazmaq və s. bu kimi mövzularda internetdə yazı və video formatda məlumatlarınıza rast gəldim. Maraqlıdır, bəs sizdə o dövr necə keçib? İşləməyə nə vaxt başlayıbsınız?

- Universitet illərindən artıq işləməyə başlamışdım. Mənim təcrübəm belə oldu ki, ilk olaraq Bakı Dövlət Universitetinə qəbul oldum, orda iki il oxudum. Birinci kursdan sonra yay aylarında dil kursunda ingilis dilindən dərs keçirdim. Sonra burdakı təhsili yarımçıq qoyub Şimali Kiprdə təhsil almağa getdim. Orda oxuyanda elə birinci kursda universitetdə fəaliyyət göstərən karyera mərkəzində işləyə biləcəyimi düşündüm. Ən azından, könüllü başlaya bilərdim. Özüm də İR-nin idarəolunması fakültəsində oxuduğuma görə, mənim orda təcrübə keçməyim daha real idi, nəinki başqa bir yerdə. Karyera mərkəzinin rəhbəri ilə danışdım və orda işə başladım. Tədbirlər keçirirdik, şirkətlərlə əlaqələr qururduq, tələbələrə CV yazmaqda kömək edirdik. Başqalarına CV yazmağa kömək etdiyimə, müsahibələrə göndərdiyimə görə, artıq mənim özümdə də müəyyən qədər universitetdən sonra iş axtarmaqla bağlı təcrübə formalaşırdı.

İkinci kursda isə universitetdə qeydiyyat şöbəsində işləməyə başladım. Bu, texniki bir iş idi. İmmiqrasiyada möhür vurmaq kimi işlər idi. Amma hansısa bir işin parçası olmaq cəhətdən mənim üçün böyük iş idi. Nəsə iş görürdüm, tələbələrə yardım edirdim. 

- Burdakı təhsilinizi niyə yarımçıq qoydunuz?

- Mən o vaxt beynəlxalq hüquq üzrə təhsil almaq istəyirdim. Universitetə qəbul imtahanında da 648 bal yığmışdım. İstədiyim fakültəyə düşəcəyimi fikirləşirdim. Lakin həmin il o fakültəyə keçid balı çox yüksək olduğun üçün, istədiyim ixtisasa deyil, amerikaşünaslığa qəbul oldum. Çox məyus idim, universitetə qəbul olsam da, ilk gün dərsə getmədim. Dedim ki, bu nə fakültədir, getmirəm. Amma sonra elə oldu ki, getdim və gördüm ki, yaxşı fakültədir. Çünki bütün dərslərimiz ingilis dilində idi. Əslində, maraqlı idi, amma mən başa düşürdüm ki, o ixtisası bitirəndən sonra iş imkanı dar çərçivədə olacaq. Ya Amerika səfirliyində hansısa vakant yer açılmasına ümid etməli idim, ya da tarixçi ola bilərdim. Hətta tarix müəllimi də ola bilməzdim. Ona görə, düşünməyə başladım. Bizdə hansı sahələrə tələbin olması, hansı sahələr üzrə kadrların çatışmadığını araşdırdım. Gördüm ki, sırf İnsan Resursları sahəsində xaricdə oxuyub gələn bir nəfər var.   - Niyə İR mütəxəssisliyi?

- Çünki insanlarla işləməyi sevirəm.   - Universiteti atıb xaricdə təhsil almaq istəyinizi valideynlər necə qarşıladılar? Belə hallarda deyirlər ki, bu təhsili bitir, sonra başqa nə istəsən oxuyarsan. Siz 3-cü kursa keçəndə bu addımı atıbsınız...

- Mən BDU-da ikinci kursda oxuyanda TOEFL-ə hazırlaşırdım, xaricdə təhsil almaq istəyirdim. Deyirdim ki, qəbul olsam, burdakını atıb gedib orda davam edərəm. Həmin vaxt Xaricdə Təhsil Dövlət Proqramına müraciət etmişdim. Bir çox ölkələrin universitetlərindən qəbul almışdım. Lakin həmin il beynəlxalq münasibətlər sahəsi dövlət proqramından çıxarıldı. Ona görə, istədiyim universitetə gedə bilmədim və 3-cü kursa burda başlamalı oldum. Amma bunu istəmirdim, nə isə etməli idim.

Valideynlərim görürdülər ki, bir ildir oxuyuram, əziyyət çəkirəm, imtahanlardan keçmişəm. Ona görə də əlavə narahatlıq istəmirdilər. Mən isə Şimali Kiprdən təqaüd qazanmışdım, getməli olduğumu deyirdim. Proseslər o qədər tez cərəyan etdi ki, valideynlərim reaksiya verə bilmədilər. 3 gün içində yığışıb getdim. Sonra valideynlərimlə telefonla danışanda deyirdilər ki, sən bizi elə bil hipnoz etdin ki... Məncə, bu, insanın özünə əminliyindən asılıdır. İlk növbədə siz özünüzdən əmin olmalısınız. İnanıb istəməlisiniz, bu zaman ətrafınızdakı insanlar artıq geri çəkilirlər, öz istəkləri ilə sizin qarşınıza sədd qoymurlar. Məndə də belə oldu.

- Xaricdə təhsil alarkən universitetdə çalışıbsınız. Bəs, təhsili başa vurandan sonra necə, iş imkanları oldumu?

- Universitetdən sonra qalıb işləmək üçün də şanslar var idi. Amma Şimali Kipr çox balaca, turistik bir yerdir. Orda şirkətlərin özü yox, daha çox filialları fəaliyyət göstərir. Ona görə, fikirləşdim ki, işləmək istəsəm, Türkiyəyə gedərəm. Ancaq mən Azərbaycana qayıtmağı düşünürdüm. "Öyrəndiklərimlə burda nəsə edim, sonra istəsəm, başqa ölkəyə gedərəm" deyə düşündüm.   - Universiteti 2013-cü ildə bitiribsiniz. O vaxt İR mütəxəssisliyi bizdə o qədər də aktual deyildi. Oxuyub qayıdandan sonra iş tapmaq prosesi necə keçdi?


Xəbərə aid fotolar