Professor Qara Mustafayevlə vida mərasimi keçirilib


Digərləri 08 Okt 2018 19:14:00 337 0

Professor Qara Mustafayevlə vida mərasimi keçirilib

Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin (BDU) professoru Qara Mustafayev vəfat edib.

Son.az bildirir ki, Universitetdən Trend-ə verilən məlumata görə, alimlə keçirilən vida mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, 1931-ci ildə anadan olan Qara müəllim 1954-cü ildə Bakı Dövlət Universitetini, 1958-ci ildə AMEA-nın aspiranturasını bitirib. 1959-cu ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən taleyini Bakı Dövlət Universiteti ilə bağlayan alim 50-dən çox kitab, 600-dən çox elmi məqalə, 400-ə qədər dövrü mətbuat məqaləsinin müəllifi olub, 45 tədris proqramı tərtib edib, 5 telefilmə ssenari yazıb.

Rektor A.Məhərrəmov onu da bildirib ki, "Biotik əlaqələr" haqqında təbii qanun kəşf edən professor Qara Mustafayev 18 elmi konsepsiyanın müəllifi olub və Azərbaycanda onurğalılar zoologiyasında ekoloji istiqamət açıb. Professor Qara Müstafayevin Biologiya fakültəsində dekan müavini, fakültə Metodik Şurasının sədri və dekan vəzifələrində işlədiyini bildirən rektor alimin "Şöhrət" ordeninə layiq görüldüyünü və Prezident təqaüdçüsü olduğunu bildirib. Rektorun çıxışından o da məlum olub ki, görkəmli alim eyni zamanda, BDU Elmi Şurasının qərarı ilə universitetin "Fəxri professoru" adına layiq görülüb.

Biologiya fakültəsinin dekanı Akif Quliyev isə qeyd edib ki, professor Qara Müstafayev əhalinin ətraf mühit ilə əlaqəsini sosial mühit ilə vəhdətdə tədqiq edib. 35 il fasiləsiz olaraq televiziya, radio və mətbuat vasitəsilə elmi yenilikləri təbliğ edib, uzun müddət Azərbaycanın dövlət televiziyasında "Təbiəti sevənlər" verilişinin aparıcısı olub.


Xəbərə aid fotolar