Bakıda BAL kimi yarmarka


Digərləri 08 Okt 2018 18:28:00 389 0

Bakıda BAL kimi yarmarka

Bu gün Bakıda Arıçılıq Məhsullarının 19-cu Respublika Sərgi-Satış Yarmarkasının rəsmi açılış mərasimi olub. Yarmarka Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində) keçirilir.

Son.az xəbər verir ki, yarmarka əslində oktyabrın 5-dən başlamalı idi. Lakin hava şəraiti ilə əlaqədar faktiki olaraq oktyabrın 7-dən fəaliyyətə başlayıb. Oktyabrın 8-də isə rəsmi açılış mərasimi təşkil edilib.

Yarmarkada keyfiyyət məsələlərinə Qida Təhlükəsizliyi Agentliyi, təşkilati məsələlərə isə Kənd Təsərrüfatı Nazirliyi cavabdehlik daşıyır. Bu il ilk dəfə olaraq sahibkarlar barədə Arıçılar Assosiasiyasından da rəylər alınıb.

Yarmarkada təkcə bal deyil, arı südü, çiçək tozu, güləm kimi digər arıçılıq məhsulları da satılır.

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq şöbəsinin müdiri Asəf Ömərovun sözlərinə görə, yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub ki, bunun da 5 tonu çərçivə halındadır. "Yarmarkaya daha çox arı məhsulları Astara və Aran iqtisadi rayonlarından daxil olub".

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib ki, ümumilikdə regionlardan yarmarkaya 150 ton bal gətirilsə də, ondan saxta məhsullar çıxdaş ediləndən sonra satışa çıxarılacaq 120 ton məshul qalıb.

Əldə etdiyimiz məlumata görə, laborator yoxlamalar nəticəsində yarmarkaya gətirilən balın nə az-nə çox düz 30 tonunun saxta olduğu üzə çıxıb. Həmin məhsullar dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə möhürlənərək saxlanca verilib və yarmarka bitənədək orada saxlanılacaq ki, möhtəkirlər onları yarmarkaya və ya bazara satışa çıxara bilməsinlər. Həmin balların sonrakı aqibəti ilə bağlı son qərarı isə Qida Təhlükəsizliyi Agentliyi verəcək.