Baldızını öldürmək istəyən şəxsin məhkəməsi başladı


Digərləri 08 Okt 2018 18:12:00 209 0

Baldızını öldürmək istəyən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Dinar Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama münasibət bildirən D.Təhməzov özünü qismən təqsirli bilsə də o, baldızını öldürmək istəmədiyini deyib.

Bildirib ki, baldızı onun ailəsinin dağılmasını istəyib: "Mən sevib evlənmişəm. Baldızım bizim qonşuluqda yaşayırdı. Həyat yoldaşımı öyrədiblər ki, guya mən narkomanam. Bir gün öyrəndim ki, yoldaşım məni məhkəməyə verib. Boşanmaq istəyini də baldızımgil onun ağlına saldılar. Məni bu günə onlar saldı.

Bir dəfə "20 Yanvar" metrostansiyasının çıxışında dönər sifariş vermişdim. Gördüm ki, yoldaşım bacısı ilə gəlir. Onları izləyib evlərinə qədər getdim. Harada yaşadıqlarını öyrəndim. Sonra yoldaşını görmək üçün həmin evə getdim. Yenə məni əsəbləşdirdi. Dedim ki, məni bu vəziyyətə siz saldınız. Öldürmək məqsədi ilə getməmişdim".

Prosesdə ifadə verən zərərçəkmiş Nuranə Fərzəliyeva bildirib ki, Dinar Təhməzov yalan danışır:

"Bacımla aralarında sevgi olmayıb. Valideyn razılığı ilə evləniblər. Hər gün də evlərində dava-dalaş olub. Hamısı da qısqanclığa görə. Deyirdi ki, kimsə sənə baxır, niyə filankəsə salam verirsən? Balaca uşağa da salam verəndə söz-söhbət yaradırdı. Razılıqla boşandılar. Hadisə günü də mən evə gedirdim. Məhəllədə hiss elədim ki, kimsə məni izləyir. Arxaya baxdım ki, Dinar gəlir. Yanında da bir nəfər var idi. Sonra evə çatdım. Bir neçə dəqiqə sonra evdən çıxıb marketə getdim. Marketdən çıxanda Dinar qabağımı kəsdi. Dedi ki, burada nə edirsən? Elə bunu deyəndən sonra bıçağı çıxarıb vurmağa başladı. Mən yerə yıxıldım".