“Valideynlərim dedi ki, sən bunu yaxşı bilirsən”


Digərləri 08 Okt 2018 15:09:00 310 0

“Valideynlərim dedi ki, sən bunu yaxşı bilirsən”

ARB Günəş-in "Mən məktəbli ikən" layihəsinin növbəti qonağı əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova olub.

Son.az xəbər verir ki, Bakı şəhər, 6 nömrəli orta məktəbdə təhsil alan Fəxriyyə Xələfova, Bakı Dövlət Universitetinin "Biologiya" fakültəsinə daxil olsa da, onun ürəyində hər zaman moda ilə məşğul olmaq arzusu yaşayıb:  "Sovet ölkələrinin uşaqları vahid forma geyinərdi və onun bir modeli vardı. O vaxt çox təəssüf edirdim ki, niyə belə bir ənənə yaranıb. Dəb sahəsinə marağım olduğundan məktəbli geyimini təkmilləşdirmək istəyirdim. Düşünürdüm ki, niyə biz tünd rəngli paltar geyməliyik, niyə bizə uşaqlıq dövrünə xas olan açıq rənglərdə paltar geymək olmaz? Dərsdən evə gələn kimi məktəbli formasını dəyişmək, təkmilləşdirmək haqqında düşünürdüm". Dəb aləmindən gələn məlumatlardan bəhrələnən Fəxriyyə Xələfova o zamanlarda internet olmadığına görə jurnallardan istifadə etmək məcburiyyətində qalıb: "Onda məlumatlar az idi. İndiki kimi internetdən məlumat ala bilmirdik. Xaricdən gələnlərdən xahiş edirdim ki, mənə jurnallar gətirsinlər. Mən onları ingilis dilində oxuyurdum. Məktəbi bitirdikdə dedim ki, mən dəblə məşğul olmaq istəyirəm. O vaxtı bu cür təhsil yox idi. Ona görə də gərək Rusiyaya yola düşərdim. Ancaq valideynlərim dedi ki, sən biologiya fənnini yaxşı bilirsən, gəl, Bakı Dövlət Universitetinə qəbul ol. Mən də onları dinlədim və qəbul oldum. Hətta əlaçı oxumuşam". Qeyd edək ki, "Mən məktəbli ikən" verilişi hər həftənin bazar günü saat 19:30-da "ARB Günəş" televiziyasında yayımlanır. 


Xəbərə aid fotolar