Ağgöl Milli Parkında "Təbiətin keşiyində" adlı eko-skaut düşərgəsi keçirildi (FOTO)


Digərləri 08 Okt 2018 14:44:00 526 0

Ağgöl Milli Parkında "Təbiətin keşiyində" adlı eko-skaut düşərgəsi keçirildi (FOTO)

6-7 oktyabr tarixlərində IDEA İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə Ağgöl Milli Parkında "Təbiətin keşiyində" adlı növbəti eko-skaut düşərgəsi təşkil edilib.

Bakı. 6-7 oktyabr tarixlərində IDEA İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə Ağgöl Milli Parkında "Təbiətin keşiyində" adlı növbəti eko-skaut düşərgəsi təşkil edilib. IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, "Təbiətin keşiyində" düşərgələrinin məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etməkdir. Düşərgəyə 18-25 yaş arası ekoloji təhsili və ya bu sahədə təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 60 nəfər gənc qoşulub. Könüllü olaraq qoşulmuş gənclərin iştirakı ilə Ağgöl Milli Parkının ərazisində eko-tur təşkil edilib. Gənclərə Ağgöl Milli Parkının yaradılmasında əsas məqsəd, əraziyə xas olan landşaft növləri, göl və onun ətrafında məskunlaşmış və adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına və Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş quşlar haqqında geniş məlumat verilib. 6 oktyabr - Ümumdünya Quşları Müşahidə Günü münasibətilə 500 mindən çox quşun qışladığı Milli parkın ərazisində eko-skautlarla birgə oturaq və köçəri quşların müşahidəsi aparılıb. Müşahidə zamanı gənclərə quşların sayında olan dinamikanın düzgün izlənməsi məqsədilə onların sayılma metodikası, sayğıların aparılması və hesabatların tərtib olunması izah edilib.