Ha indi bu da Şəkinin kinoteatrı FOTO


Kriminal 07 Okt 2018 22:12:00 355 0

Ha indi bu da Şəkinin kinoteatrı  FOTO

Binası satılmış Şəki kinoteatrının lazımsız və baxımsız halının özü bir kinodur... 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Hər bir xalqın mədəniyyəti onun dünyadakı vizit-kartıdır deyirlər. Bir dövləti dünyaya tanıtmaq üçün mədəniyyətin rolu misilsizdir. Bu məsələdə kinonun da üzərinə böyük yük düşür. Sevindiricidir ki, bu gün paytaxtda fəaliyyət göstərən kinoteatrlarımızda yerli filmlər əcnəbi filmlərlə rəqabətə girir, hətta qalib də gəlirlər. Bu, məsələnin ən sevindirici tərəfidir. Kinoteatrlarımız tamaşaçı qıtlığı çəkmir, əksinə, kommersiya filmləri nümayiş etdirməklə tamaşaçı toplamağa çalışırlar. Bu isə. ən azından, tamaşaçıda kinoteatr mədəniyyəti formalaşdırır.   Yadımdadır, anam gəncliyini xatırlayarkən deyirdi ki, axşamlar sizləri də götürüb kinoteatra gedir, yeni gələn hind filmlərini izləyirdik. Bu gün o ənənə bərpa olunmağa başlayır. Artıq biz o hind filmlərinə deyil, yerli istehsal olan filmlərimizə baxırıq. Amma və lakin bu gün bölgələrimizdə yaşayan vətəndaşlarımız kinoteatr mədəniyyətindən uzaq düşüblər. Bölgələrdə yaşayan gənclərdə bu mədəniyyəti formalaşdıracaq kinoteatrlarımız fəaliyyətini dayandırıb. Əslində, kinoteatrların binası var, amma içində göstərməyə nə kino, nə də şəraiti var. Xüsusən də bu gün turistlərin Azərbaycanın dilbər guşələrinə axın etdiyi vaxtda kinoteatrların baxımsız qalmış binaları xoşagəlməz təəssürat yaradır. Bəzən də tarixi kinoteatrlarımızın yerini şadlıq sarayları, yeni binalar, otellər tutur. Tarix gözümüzün qabağında yox olub gedir. Halbuki, paytaxt kinoteatrları kimi, onlar da tamaşaçı toplaya, burada işçi qüvvəsi yığa, eyni zamanda bölgədə yaşayan vətəndaşlarda kino mədəniyyəti formalaşdıra bilərlər.    Şəki Azərbaycana gələn turistlərin çox seçdiyi bölgələrdən biridir. Möhtəşəm mənzərəsi, müasir otellər, Şəki halvası buraya böyük turist axını cəlb edir. Ancaq Şəkidə gördüyümüz bir mənzərə, doğrusu, bizi çox məyus etdi. Şəhərin mərkəzində 10 ildən artıqdır ki, fəaliyyətini dayandırmış Mirzə Fətəli Axundov adına kinoteatrın binası dağılmaqdadır.   Bir zamanlar əsil istirahət mərkəzi idi

Şəhərin mərkəzi küçələrindən biri olan və dörd tərəfi otellərlə əhatələnən bu məkanda istirahət edən 70 yaşlı İbrahim dayı ilə söhbət etməyə başladıq. Şəkidə doğulan, bütün ömrü məhz burada keçən İbrahim bəy bildirdi ki, bura artıq kinoteatr deyil: "Bura istifadə olunmur. 10 ildən artıqdır ki, yararsız vəziyyətdədir. Televiziyalardan izlədiyimiz qədəri ilə, görürük ki, Bakıda kinoteatrlarda filmlər göstərilir. Ancaq təqribən 1958-ci ildə tikilən bu bina yararsız haldadır. Cavanlıqda istirahət üçün üz tutduğumuz bu məkan çaylaq daşları ilə əhatələnib. Əvvəllər bu kinoteatrda hind, türk kinoları göstərirdilər. Biz "Zita və Gita", "Avara" kimi tanınmış hind kinolarına məhz burada baxmışıq. Bundan başqa, Şəkiyə səyyah kinolar gəlirdi".

İbrahim dayının həmsöhbəti 64 yaşlı Məhəmməd Aydın deyir ki, bu kinoteatrla bağlı hansısa tədbirin görüləcəyi söylənilir: "Buranı müasir kinoteatr kimi istifadə etmək mümkündür. Amma daha çox otellərə diqqət edirlər. Bura mərkəz hesab olunur. "Kinoteatrın qabağı" deyəndə, buranı nəzərdə tuturlar. Əvvəllər ailəmizi də götürüb bura gəzməyə gələrdik, çünki bura mərkəz idi. Kinoteatrın qarşısı mərkəz olaraq bura bilinirdi. Şəkidəki bayramlar, kütləvi tədbirlər məhz burada keçirilirdi. Bu gün isə bu kinoteatr bir mədəniyyət mərkəzi olaraq işləmir".

Qarşısında milli dramaturgiyamızın əsasını qoyan Mirzə Fətəli Axundovun büstü qoyulmuş kinoteatr indi ömrünün ən son günlərini yaşayır. Binanın çardağı çöküb, dörd tərəfi baxımsız haldadır. Vaxtilə mədəniyyət mərkəzi olan kinoteatr dağılıb gedir. Şəkinin yerli sakinləri söhbət zamanı qeyd etdilər ki, binanın baxımsız vəziyyətdə qalmasının, təmir olunmamağının səbəbi bu məkanın iş adamlarına satılması və onun yerində otel və ya biznes mərkəzinin tikiləcəyidir. Hazırda kinoteatrın ərazisi təyinatı üzrə istifadə edilmir və binanın qarşısı maşın dayanacağı funksiyasını daşıyır.

Kinoteatr artıq satılıb

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyevlə əlaqə saxladıq. Müsahibimiz məsələdən xəbərdar olduqdan sonra bildirdi ki, bölgələrdə fəaliyyət göstərən kinoteatrlar Mədəniyyət Nazirliyinin balansında deyil: "Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli 1003 nömrəli fərmanının 4.2 bəndinə əsasən, Bakıda və rayonlarda yerləşən bütün dövlət kinoteatrları, o cümlədən Şəkidə yerləşən kinoteatr özəlləşdirilməyə açılıb. Mədəniyyət Nazirliyinin balansında yalnız "Nizami" Kino Mərkəzi var. Kinoteatrlarla bağlı mütəmadi olaraq bizə müraciət edirlər. Ancaq artıq biz onlara cavabdeh deyilik. Bölgə kinoteatrları Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə məxsusdur. Hazırda həmin kinoteatrın özəlləşdirilib-özəlləşdirilməməyi ilə bağlı hər hansı məlumatımız yoxdur. Onun indiki vəziyyətindən xəbərsizik. Bundan sonra o kinoteatrın taleyi - söküləcəkmi, yoxsa yerində binamı tikiləcək - bu barədə heç bir məlumat verə bilmərik".   Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovla əlaqə saxladıq. O bildirdi ki, Şəkidə fəaliyyət göstərən kinoteatr artıq özəlləşdirilib: "Bundan sonra o binanın kinoteatr olaraq istifadə edilib-edilməyəcəyindən xəbərsizik. Sizə ancaq onu deyə bilərik ki, həmin bina artıq özəlləşdirilib".


Xəbərə aid fotolar