Yuxusuzluqdan əziyyət çəkənlər üçün əsl dərman


Digərləri 07 Okt 2018 20:44:00 248 0

Yuxusuzluqdan əziyyət çəkənlər üçün əsl dərman

Hər fəsildə yetişən meyvələrlə qidalanmaq immun sistemin gücləndirilməsində əsas rol oynayır. Orqanizmi qışa hazırlamaq üçün onu payızda lazımi vitamin və vitaminlərlə təmin etmək lazımdır.

Son.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin AZƏRTAC-a verdiyi məlumata görə, payızda yetişən meyvələrin hərəsi özündə bir qrup vitamin cəmləşdirir: "C qrupu vitaminləri ilə zəngin olan portağal soyuqdəymə, qrip və zökəmin dərmanıdır. Portağal özündə B vitamini, kalsium, maqnezium ehtiva edir, ürək xəstəliyi və iflicdən qoruyur, mədə xərçənginin qarşısını alır, dərini təravətləndirir. Tərkibindəki minerallar dəridəki qırışların yaranmasının qarşısını alır, qaraciyərin düzgün işləməsini tənzimləyir, həzmi asanlaşdırır. Hər səhər bir stəkan portağal şirəsi içmək gün ərzində gümrahlığı təmin edir.

Heyva əsasən ürək, qaraciyər, boğaz, mədə, göz və bağırsaq xəstəliklərində faydalıdır. Tərkibi protein, şəkər, A, B2, C vitamini, dəmir kimi minerallarla zəngindir. Uşaqların sağlam böyüməsi və inkişafını tənzimləyir, dərini və dırnaqları parlaqlaşdırır. Kərə yağında bişirilən heyva öskürəyin qarşısını alaraq tənəffüs yollarını açır. Onun çiçəyini qaynadıb içmək ürəyi cavanlaşdırır və başağrısının qarşısını alır. Yuxusuzluqdan əziyyət çəkənlər üçün heyva yarpağı əsl dərmandır.

Banan qan dövranını tənzimləyir, ürəyə və əzələlərə xeyirlidir, yüksək təzyiqin qarşısını almağa müsbət təsir göstərir, yorğunluğu aradan qaldırır.

Tərkibi A, B1, B2 və C vitaminləri ilə yanaşı kalium və maqneziumla da zəngin olan üzüm əsl şəfa mənbəyidir. Beyini enerji ilə təmin edən üzüm ağciyər xəstəliyi, əsəb pozğunluğu, yaddaş zəifliyi, qan azlığı, nəfəs darlığı və qaraciyər zəifliyinə müsbət təsir göstərir".

Bioloq-alim bildirib ki, alma ürək-damar xəstəliklərinin yaranma təhlükəsini 50 faiz azaldır: " Bu meyvə həzm sisteminin pozğunluğunu aradan qaldırır, qan şəkərini nəzarətdə saxlayır.