Tələbə yataqxanalarında son vəziyyət ARAŞDIRMA


Digərləri 07 Okt 2018 08:03:00 374 0

Tələbə yataqxanalarında son vəziyyət  ARAŞDIRMA

Azərbaycanda yeni tədris ili başlayandan tələbələrin yataqxanalarda yerləşməsi məsələsi də gündəmə gəlir. Bəzi universitet yataqxanalarına müraciətlərin iyun ayından başlamasına baxmayaraq, qeydiyyat bu gün də davam edir.

Son.az bildirir ki, Trend Azərbaycandakı ali təhsil müəssisələrinin yataqxanalarının vəziyyəti və bu yerləşdirmə obyektlərinə tələbatla maraqlanıb.

Azərbaycan Dillər Universitetinin (ADU) tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov Trend-ə bildirib ki, ali məktəbin fəaliyyətdə olan yataqxanalarında hazırda 190 nəfərdən artıq tələbə qalır:

"Universitetin iki yataqxanası var. 1 saylı yataqxana Ceyhun Hacıbəyli küçəsində yerləşir, uzun zamandır burada məcburi köçkünlər məskunlaşıb. Abbas Mirzə Şərifzadə, 4 ünvanında yerləşən 2 saylı yataqxana isə ancaq qızlar üçün nəzərdə tutulub. Həmin yataqxanada 205 tələbə üçün yer var".

S.Hüseynov qeyd edib ki, ADU-nun 2 saylı yataqxanasında başqa universitetlərdə olan 15 nəfərə yaxın tələbə də qalır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mənsur İbrahimov Trend-ə deyib ki, ali məktəbdə daha çox qızlar oxuduğu üçün yataqxanalarda da qalan tələbələrin çoxu qızdır:

"ADPU-nun Dərnəgül qəsəbəsində 4 yataqxanası var. Sovet dövründən inşa edilmiş binalarda məcburi köçkünlər məskunlaşıb. Əlavə olaraq universitetin 2 nömrəli tədris binasında yataqxana var. Bu yataqxanada təqribən 200-ə yaxın tələbə yerləşir".

M.İbrahimov bildirib ki, tədris binasının yataqxanasında yer az olduğundan hər kəsi bura qəbul etmək mümkün olmur: "Üstünlük daha çox az təminatlı ailələrə, şəhid ailələrinə, məcburi köçkünlərin övladlarına verilir".