“Niyazi düzəldirəm…” və ya “acıdil”, amma uşaq kimi kövrək Niyazi


Digərləri 06 Okt 2018 23:17:00 274 0

“Niyazi düzəldirəm…” və ya “acıdil”, amma uşaq kimi kövrək Niyazi

Niyazi (Tağızadə-Hacıbəyov)...

Bu ad hər kəsə, hər birimizə çox şey deyir...

Onu tanımamaq mümkün deyil və bəlkə də günahdır...

Çünki 20-ci əsr Azərbaycan mədəniyyətinin, incəsənətin nəhənglərindən, azmanlarından, korifeylərindən, dahilərimizdən biridir...

Son.az oxu.az-a istinadən bildirir ki, Azərbaycan dirijorluq (milli) məktəbinin banisi, böyük bəstəkardır...

SSRİ xalq artisti və Sosialist Əməyi Qəhrəmanı fəxri adlarını alsa da (bu yüksək adları bir yerdə daşıyan tək-tük azərbaycanlı sənət fədailərindən olsa da), bəy-milli zadəgan-milli aristokratiya nəslinin dissident ruhlu nümayəndəsi,  ruhu, qanı, canı ilə milli mədəniyyət - milli sənət xadimidir...

Azərbaycan bəstəkarlıq, qəzetçilik məktəbinin banilərindən, milli ziyalılığımızın məhək daşlarından olan Üzeyirbəy Hacıbəyov və Ceyhunbəy Hacıbəyovun qardaşı oğlu, Zülfüqarbəy Hacıbəyovun övladıdır...

Maestronun Tağızadə soyadı da onun əsl, yəni, soy-köklə bağlı olan soyadı deyil... Belə ki, anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı olub...

Onun faciəli şəkildə qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib... Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürüb... * Niyazi ilk musiqi təhsilini Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyirbəy Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925-1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirir.

1929-1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alır. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib.

Niyazi Z.Hacıbəyovun "Aşıq Qərib", Ü.Hacıbəyovun "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını (musiqi tarixində ilk dəfə olaraq) nota salıb.

Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazıb, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirib. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb.

Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir.

Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir.

"Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənib, Çexiyada "Suprafon", ABŞ-da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb. 1951 - 1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülüb.

Qeyd etdiyimiz kimi,  Azərbaycan milli dirijorluq məktəbinin formalaşması da Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən, əmisi Üzeyirbəyin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olub.

Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor" və s. operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlayıb.

1959-cu ildə korifey sənətkarlarımız - Rəşid Behbudov, Qara Qarayev və Adil İskəndərovla birgə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunub. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi.