Zahiri nemət nədir, batini nemət nə?


Digərləri 06 Okt 2018 22:50:00 275 0

Zahiri nemət nədir, batini nemət nə?

Qurani-Kərim buyurur: "Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?! İnsanlardan bəzisi heç bir elmi (və əqli dəlili) və (vəhy və ilham əsasında) düz yol göstərəni aşkar və aydınlıq gətirən (səmavi) kitabı olmadan (ona əsaslanmadan) Allah barəsində mücadilə və mübahisə edir". ("Loğman" 20).

Allah Təala bu ayədə insana verdiyi sonsuz nemətləri xatırladır və onları qəflətdən ayıltmağa çalışır. Onları Allahın sonsuz nemətləri barəsində təfəkkür etməyə dəvət edir.

Allah Təbarəkə və Təala insana həm zahiri və həm də batini nemətlər vermişdir. İnsan zahiri nemətləri gözləri ilə görür və onlardan faydalanır. Bədəni, ruzisi, salamatlığı kimi.

Batini nemətlərə: şüuru, ağlı, iradəni misal çəkmək olar. Allahın lütfü hamıya şamildir. Ancaq çox təəssüf ki, bütün bu nemətlərə baxmayaraq, bəziləri Allahın varlığını inkar edərlər. Çünki onların elmi kamil deyildir. Onlar səma kitablarına və ağıllarının hökmlərinə söykənmədən, mübahisə edərlər. Həqiqəti inkar etmək istəyərlər.

Yuxarıda saydığımız zahiri nemətə eyni zamanda Zahiri İmamı (ə) və batini nemətlərə Qaib olan İmamı (ə.f) aid edə bilərik.