Peşəkar email necə yazılmalıdır?


Digərləri 06 Okt 2018 20:25:00 272 0

Peşəkar email necə yazılmalıdır?

Texnologiyanın sürətli inkişafı nəticəsində məktub və digər yazışma vasitələri öz yerini elektron məktuba buraxmış və bununla da işimiz asanlaşıb. Lakin, bu yazışmalarda diqqət etməyimiz vacib olan bəzi məqamlar vardır. Gəlin bu məqamlara nəzər yetirək. Bu, həm iş axtaran gənclər, həm də karyerasının müəyyən pilləsində olan şəxslər üçün çox vacibdir.

Son.az moneta.az-a istinadən bildirir ki, eyni zamanda, e-maillər iş həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. İş mühitində bəzən gün ərzində çox sayda e-mail göndərməli oluruq və eyni zamanda e-mail qəbul edirik. Unutmaq lazım deyil ki, mail göndərdiyimiz şəxslərin əksəriyyəti bizim şəxsən tanıdığımız insanlar deyil. Onlar, bu e-maillər nəticəsində bizi tanıyır və haqqımızda onlarda fikir formalaşır. Eləcə də, hər hansı bir şirkətə iş müraciəti üçün göndərilən e-maillər də bizim haqqımızda qarşı tərəfdə fikir yaradır. Ona görə də, peşəkar e-mail yazma qaydalarını bilməli və bunları öz işimizdə tətbiq etməliyik.

1. Professional e-mail adresiniz olsun. İş görüşmələrində və korporativ iş mühitində ilk təəssürat çox önəmlidir. E-mail yazışmalarında isə ilk təəssürat professional e-mail adresinden başlayır. Ad və soyadınızdan ibarət peşəkar e-mail adresiniz olsun. Bu, çox önəmlidir. Qeyri- peşəkar e-mail ünvanlarından göndərilmiş e-mailler ciddi qarşılanmır və qarşı tərəfdə e-mail göndərən şəxs haqqında da müsbət fikir formalaşmır.

2. Mövzu. Göndərdiyiniz e-mailin məzmununa uyğun, çox uzun olmamaq şərtilə e-mailin "subject" qismində mövzu haqqında məlumat verin. Bu, e-maili qəbul edən şəxsin mövzu haqqında məlumatlı olmasına və sizin işinizə məsuliyyətli yanaşdığınıza bir işarədir.

3. Yazı şrifti və rənglər. E-mail yazarkən, xüsusilə də iş görüşmələri və korporativ iş mühitində yazı şriftinin standart olmasına xüsusi fikir vermək lazımdır. Ümumi qəbul olunmuş yazı ölçüsü və şriftindən istifadə etmək hər zaman üçün məsləhətdir. Rəngarəng e-maillər isə iş mühitində normal hal kimi qarşılanmır. Hər hansı bir məqamı xüsusi vurğulamaq üçün istisna hallarda hər hansı bir rəng və ya hansısa bir işarə ilə diqqəti ora yönəltmək olar. Amma ümumən bərbəzəkli e-mailler qəbul edilməzdir.

4. Müraciət forması. E-mail bir şəxsə ünvanlandıqda "müəllim", "bəy", "xanım" v.s bu kimi ifadələr, bir neçə şəxsə ünvanlandıqda isə "hörmətli həmkarlar" v.s bu kimi ifadələrdən isifadə edilməsi standartlara uyğundur.

5. Elektron imza. E-mail ünvanınızın peşəkarlığına təsir göstərən amillərdən biri də elektron imzadır. Elektron imza qarşı tərəfə sizin vəzifə və peşəniz haqqında məlumat verir. Ona görə də, e-mail adresinizdə standart ünvan, əlaqə məlumatları və vəzifəniz haqqında ümumi məlumatlar olmaqla elektron imzanız olsun.