Əsəbi uşaqlarla necə rəftar etmək lazımdır? –


Digərləri 06 Okt 2018 19:18:00 306 0

Əsəbi uşaqlarla necə rəftar etmək lazımdır? –

Əksər ata-analar elə düşünürlər ki, uşaqlarda hər şeydən qıcıqlanma və əsəbləşmə valideynlərdən irsən keçən xüsusiyyətdir. Onların mövqeyi bir qədər doğru olsa da, əksər hallarda belə yanaşma yanlışdır. Çox vaxt nevroz əlamətləri ilə seçilən valideynlər dünyaya tamamilə sağlam övladlar gətirirlər, lakin sonralar bu sağlam, sakit və təmkinli uşaqlar ailədəki münaqişə və disharmoniyanın, valideynlərin gündəlik emosional vəziyyətlərinin təsiri altında əsəbi və hər şeyə görə özündən çıxan olurlar.

Son.az medicina.az-a istinadən bildirir ki, bu fikirlər  həkim-nevroloq Xəyalə Məmmədovaya məxsusdur. Onun AZƏRTAC-a verdiyi məlumata görə, əsəbi uşaqlar tez qıcıqlanırlar və onları özlərindən çox asan çıxarmaq olur: "Belə uşaqlar gecə bir neçə dəfə yuxudan oyanır, qışqırır və ağlamağa başlayırlar, sanki nədənsə qorxurlar. Belə hallarda onları sakitləşdirmək çox çətin olur. Dostları ilə oyun zamanı hər kiçik şeydən ötrü tez-tez əsəbiləşir, savaşır və elə təsəvvür yaranır ki, onların əlləri, ayaqları, hətta dilləri da dayanmadan hərəkətdədir. Bir işi qurtarmamış başqasından yapışır, yorğunluq üstün gələndə hövsələdən çıxırlar. Əsəbi uşaqların istedadlı, ağıllı və qabiliyyətli olması az rast gəlinən hal deyil, lakin problem ondan ibarətdir ki, həddindən artıq hərəkətlilik, emosional özündən çıxmalar onlara öz enerjilərini lazımi məcraya yönəltməyə imkan vermir".

Həkim-nevroloq belə davranışın səbəbləri haqqında danışarkən deyib: "Nevrotik reaksiyalar əksər hallarda anadangəlmə deyil, onlar sosial amillərin təsiri altında yaranır və ilk növbədə, tərbiyə şəraitindən asılı olur. Əgər ailədə uzun müddət əlverişsiz şərait hökm sürürsə, valideynlər yola getmir və uşağın yanında höcətləşirlərsə, həmin münaqişəli vəziyyət onun psixikasını zədələyir, nevrozun yaranmasına gətirib çıxarır.

Obrazlı şəkildə əsəbi uşağı partlayıcı qaytağına, valideynlərin kobud davranışını isə ona od vuran kibritə bənzətmək olar. Süngər suyu özünə çəkdiyi kimi, uşaqlar da gördükləri və eşitdikləri hər şeyi tez götürürlər. Ona görə də soyuqluq və kobud davranış onların əsəb sistemini sarsıdır. Başları mübahisəyə qarışmış ata-ana bir an kənarda dayanıb öz uşağına nəzər sala bilsəydi, onun solğun və pərişan olduğunu görər, daxili gərginliyinin dərəcəsini qiymətləndirərdi. Ailə qalmaqalları uşaqların sinir sisteminə güclü təsir göstərir və müəyyən iz qoyur".

Həkim-nevroloq uşaqlarda əsəb pozulmalarının qarşısını almaq üçün bəzi tövsiyələr verib: "İlk növbədə, çalışmaq lazımdır ki, valideynlər, dostlar və qohumlar arasında baş verən hər hansı münaqişədə uşaqların iştirakına yol verilməsin. Valideynlərin uşaqlarla bir otaqda yatması məsləhət görülmür, çünki bu, onların sağlamlığı üçün zərərlidir. İmkan daxilində uşaqların yataq otağı ayrı olmalıdır. Uşaq ətrafında gördüyü və eşitdiyi hər şeyi özünə çəkir, lakin bu analogiya o zaman yararsız hesab olunur ki, uşaq böyüklərin etdiyi və danışdığı hər şeyi təkrarlamağa həddən artıq səy göstərir. Uşaqların daim ünsiyyətdə olduğu adamlar tez-tez dalaşır və ya mübahisə edirlərsə, onda sağlam doğulmuş uşaq da həmin mühitdə əsəb pozğunluğu ilə üzləşə bilər. Bu cür qeyri-normal hallar tədricən möhkəmlənərək şəxsiyyətin inkişafına mənfi təsir göstərir. Öz övladlarında həmin zərərli vərdişin formalaşmasının qarşısını almaq istəyən valideynlər hərəkətlərinə nəzarət etməli və uşaqların normal inkişafı üçün xoşagəlməz nümunə yaratmamalıdırlar.