ABŞın Azərbaycana səfir namizədi Qarabağ münaqişəsi haqda


Digərləri 06 Okt 2018 17:36:00 212 0

ABŞın Azərbaycana səfir namizədi Qarabağ münaqişəsi haqda

ABŞ-ın Azərbaycandakı səfiri postuna namizəd Erl Litsenberqer Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün ciddi səy göstərəcəyini vəd edib.

Son.az azvision.az-a istinadla xəbər verir ki, bu barədə Erl Litsenberqer ABŞ Senatının xarici məsələlər komitəsində Azərbaycana səfir təyin edilməsi ilə bağlı dindirilərkən deyib.

Dindirilmə zamanı ona Vaşinqtonla Bakı arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqla və Dağlıq Qarabağ münaqişəsinə yanaşması ilə bağlı suallar verilib.

Litsenberqer bildirib ki, Azərbaycan uzun illərdir təhlükəsizlik və beynəlxalq terrorrizmlə mübarizə sahələrində Vaşinqtonla əməkdaşlıq edir. Həmçinin, Azərbaycan Amerika məhsullarının - təyyarələr, kənd-təsərrüfatı avadanlıqları, maşınlar, digər məhsul və xidmətlərin ixracı üçün əhəmiyyətli xarici bazar rolunu oynayır.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə, Litsenberqer nizamlanma ilə bağlı Vaşinqtonun öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə kömək edəcəyini vurğulayıb.

"Cənubi Qafqazın çiçəklənən gələcəyi və təhlükəsizliyinin təmini üçün ən başlıca prioritet Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyünə hörmət və xalqların öz müqəddəratını təyinetmə də daxil omaqla, münaqişənin BMT Nizamnaməsi və Helsinki Yekun Aktının prinsipləri əsasında sülhə əsaslanan uzunmüddətli həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyi davam etdirəcək. Əgər səfir kimi təyinatım təsdiqlənərsə, mən bu məqsədlərə nail olunması istiqamətində ABŞ administrasiyasının üzərinə götürdüyü öhdəlikləri dəstəkləyəcəm", - deyə Erl Litsenberqer qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sentyabrın əvvəlində Erl Litsenberqeri Amerikanın Azərbaycandakı səfiri postuna namizəd kimi irəli sürüb. Litsenberqer hazırda ABŞ Dövlət Departamentinin hərbi-siyasi məsələlər bürosunda baş məsləhətçi vəzifəsində çalışır. Fransız, rus, serb və bolqar dillərində sərbəst danışa bilir.