ABŞın nüfuzlu media orqanında Azərbaycan diqqət mərkəzində


Siyasət 06 Okt 2018 14:34:00 255 0

ABŞın nüfuzlu media orqanında Azərbaycan diqqət mərkəzində

ABŞ-ın nüfuzlu "The Hill" media orqanı Azərbaycanı ABŞ-ın güclü müttəfiqi kimi təqdim edərək ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovu bu qurumun televiziya kanalına dəvət edərək müsahibə götürüb.

Son.az Trend-ə istinadən bildirir ki, müsahibə zamanı ölkəmizin ABŞ və qonşuları, enerji təhlükəsizliyi və Ermənistan-Azərbaycan münaqişəsi məsələlərinə toxunulub.

Aparıcının regiondakı vəziyyət və ABŞ-ın İran və Rusiya ilə münasibətlərinə dair sualına münasibətdə səfir Azərbaycanın strateji yerləşməsinə diqqət çəkib, İran və Rusiya ilə eyni zamanda qonşu olan yeganə dövlət, həmçinin Avropa ilə Asiyanı bir araya gətirən ölkə olduğunu vurğulayıb. O, ABŞ-ın qonşu ölkələrlə yaxşı münasibətindən Azərbaycanın da faydalanacağını bildirib. İranla güclü mədəni əlaqələrin olduğunu, hər iki ölkənin müsəlman ölkəsi olduğunu diqqətə çatdıran səfir, atom silahının və kütləvi qırğın silahlarının yayılmamasının vacib məsələ olduğunu bildirib, Azərbaycanın yayılmama ilə bağlı bütün səyləri dəstəklədiyini diqqətə çatdırıb.

Səfir Azərbaycanın İpək Yolunun mərkəzində yerləşməsinə vurğulayaraq, ABŞ-ın bu imkandan istifadə etməli olduğunu bildirib. Azərbaycanın ABŞ-ın etibarlı müttəfiqi olması, ölkəmizin ABŞ-da törədilən 11 sentyabr terror hadisələrindən sonra bu ölkəyə qeyd-şərtsiz dəstəyini təklif edən ilk ölkələrdən olduğunu xüsusi vurğulayıb. Azərbaycan ordusunun əsgərlərinin Balkanlarda, İraqda və hazırda Əfqanıstanda sülhməramlı məqsədlə xidmət etdiyini bildirən səfir Əfqanıstana gedən tranzit yollarının Azərbaycandan keçdiyini xüsusi qeyd edib.

Səfir "Əsrin Müqaviləsi" xüsusunda 1994-cü ildə keçmiş Sovet İttifaqında ilk ən böyük sərmayə razılaşmasının məhz Azərbaycanın neft yataqlarına cəlb edildiyini xatırladıb, daha sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşdüyünü qeyd edib. Hazırda isə regionda ən böyük qaz kəməri - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən - Cənub Qaz Dəhlizinin inşa edildiyini, bu layihənin olduqca böyük əhəmiyyət daşıdığını dilə gətirib, ABŞ administrasiyasının layihəyə davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib.

Rusiya ilə münasibətlərdən bəhs edərkən səfir son illərdə Azərbaycanın Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan yaxşı qonşuluq münasibətlərini inkişaf etdirdiyini bildirib. Prezident Trampın ABŞ-Rusiya münasibətlərinə balanslı yanaşmadan təsirləndiyini vurğulayan səfir maraqların izlənilməsilə yanaşı, digər dövlət və şəxslərə hörmətin göstərilməsinin vacibliyini qeyd edib.

Xəzər regionundakı çağırışlarla bağlı səfir bölgədə sabitliyin təmin edilməsinin, terrorizm, radikalizm kimi təhdidlərlə mübarizənin davam etdirilməsini vacib hesab edib. Azərbaycanın radikal ideologiyaların yayıldığı regiona yaxın yerləşməsi, lakin Azərbaycan xalqının dözümlü və açıqfikirli olduğunu xatırladıb. Azərbaycanın qarşısında duran ən böyük çağırış Ermənistanla münaqişənin sülh yolu ilə həll edilməsi, ölkə ərazisinin işğalına son qoyulması, öz torpaqlarından qovulmuş insanların geri qayıtmasından ibarət olduğunu bildirib.

Son.az