Ekspert: "Zatulinin fikirləri ermənipərəst dairələrin yanğısına müvəqqəti su çiləməkdən başqa heç bir effekt verə bilməz"


Siyasət 06 Okt 2018 14:39:00 263 0

Ekspert: "Zatulinin fikirləri ermənipərəst dairələrin yanğısına müvəqqəti su çiləməkdən başqa heç bir effekt verə bilməz"

Azərbaycan-Rusiya münasibətlərinin sürətlə dərinləşdiyi və iki ölkənin prezidentləri arasında görüşlərin daha da intensivləşdiyi bir dövrdə RF Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin bəyanatı Rusiya dövləti və onun ali rəhbərliyinin siyasi iradəsini qətiyyən əks etdirə bilməz.

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, K.Zatulinin indiki geosiyasi və dövlətlərarası munasibətlərə uyğun gəlməyən fikirləri Rusiyanın siyasi elitasındakı ermənipərəst lobbiçilərin maraqlarına və sifarişlərinə xidmət edir:

"Əslində MDB-nin himayəsi altında Düşənbədə Qarabağ problemi üzrə nisbətən detallı razılaşmanın ardınca Zatulin kimi ermənipərəst siyasət icraçılarının fəal pozuculuq əməllərinə başlaması təbii və gözləniləndir. Paşinyanın son vaxtlarda nisbətən konstruktiv anlaşmaya meyillənməsi Rusiyanın Qarabağ probleminin həllinə daha praktik təsir göstərmə cəhdləri ilə sıx bağlıdır. Zatulinin məhz belə bir şəraitdə pozitiv Qarabağ proseslərinə qarşı pozuculuğu əslində Rusiyanın başlatdığı regional sabitliyi möhkəmləndirmək kursuna qarşı çevrilib".

Ekspert bildirib ki, Azərbaycanın bu gün apardığı Qarabağ və regional siyasətin mahiyyətini Zatulin və ona sifariş verənlər çox gözəl anlasalar da, bu siyasətin mahiyyətini təhrif etmək onlara daha sərfəlidir: "Zatulinin ört-basdır etmək istədiyi bir məqam da odur ki, regionumuzda müharibə təhlükəsinin mənbəyi Azərbaycanın silahlanması və hərb bəyanatları yox, yalnız və yalnız Ermənistanın işğalçı ordusunun hələ də Azərbaycan torpaqlarında qalmasıdır. Bütün Rusiya ali hakimiyyətinin bunu çox yaxşı bildiyi şəraitdə zatulinlərin qərəz və sifarişli bəyanatları Rusiyanın rəsmi dövlət siyasətinə heç bir yönəldici təsir göstərə bilməz. Onun fikirləri sifariş aldığı ermənipərəst dairələrin yanğısına müvəqqəti su çiləməkdən başqa heç bir effekt verə bilməz".

A.Quliyev qeyd edib ki, belə pozucu siyasət aparan bir şəxsin Rusiya Dövlət Dumasının komitə rəhbərliyində bundan sonra da saxlanması çox ziyanlı rol oynaya bilər: "Bu şəxs postsovet məkanında MDB-nin rolunu artırmaq strategiyasının tələblərinə qətiyyən cavab vermir".

Son.az