Azərbaycanda yeni sürüşmə sahələri yaranıb


Digərləri 06 Okt 2018 13:14:00 238 0

Azərbaycanda yeni sürüşmə sahələri yaranıb

Azərbaycan rayonlarında olan sürüşmə sahələrinin son vəziyyəti açıqlanıb.

Son.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov "report"a açıqlamasında deyib ki, 2018-ci ilin sentyabr ayında ölkə ərazisində ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib və ayrı-ayrı sahələr üzrə nəticələr alınıb.

O bildirib ki, Astara rayonunun Kijəbə, Burcubənd sürüşmə sahəsində aparılmış müşahidələr nəticəsində sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Ə.Qaralov vurğulayıb ki, rayonun Motlayataq sürüşmə sahəsində isə həm sürüşmə dinamikasında aktivlik müşahidə edilib, həm də sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb.

Mütəxəssisin sözlərinə görə, ötən ay ölkə yollarında olan sürüşmə hadisələrində də aktivlik baş verib, hətta bəzi yollarda yeni sürüşmə sahələri, çatlar yaranıb: "Lənkəran-Lerik yolunun 27-29-cu km-liyindəki uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub, yol boyu bir neçə yerdə uçqun - töküntü prosesləri izlənilib. Lənkəran-Lerik yolunun 45-47-ci km-liyində yol boyu yamac hissədə uçqun prosesləri baş verib və yol kənarında yeni çatlar yaranıb. Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu km-liyində də ay ərzində sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə olunub. Lənkəran-Lerik yolunun 17-19 km-liyi sürüşmə sahəsində monitorinqlər zamanı yol boyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yolun hər iki hissəsində çökmə - oturma prosesi qeydə alınıb. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci km-i sürüşmə sahəsində nisbi aktivlik müşahidə edilib, yolun hər iki çiynində çökmə oturma prosesləri və yeni sürüşmə sahələri yaranıb. Masallı-Yardımlı yolunun 13-15,7-16-24-25-25,4-26- 26,4 km-də aparılan müşahidələr nəticəsində yol boyu bir neçə yerdə uçqun - töküntü prosesləri izlənilib.

Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik və yol boyu çökmə-oturma prosesləri baş verib. Xızı-Altıağac avtomobil yolunun 1-ci km-i sürüşmə sahəsi - ərazində mövcud sürüşmə sahəsində aktivlik qeydə alınıb, yolun 11-15-ci sürüşmə sahəsində isə həm aktivlik olub, həm də yolun sağ və sol çiyinlərində çökmə prosesi gedib. "Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də" sürüşmə sahəsi - aparılmış müşahidələrə əsasən prosesin dinamikasında nisbi aktivlik olub, yol boyu uçqun töküntü prosesləri və yamac hissədə yeni lokal sürüşmə sahələri yaranıb. "Quba - Qonaqkənd avtomobil yolunun 37-40-cı km-də" sürüşmə sahəsi - müşahidələr zamanı ərazidə nisbi aktivlik qeydə alınıb, yolun hər iki hissəsində çökmə oturma və uçqun prosesləri müşahidə edilib. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinə gəlincə, ay ərzində aparılan müşahidələrə əsasən avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud olan sürüşmə sahəsinin ölçüləri artıb.