Zaqatalanın tanınmış idman mütəxəssisinin 45 illik hobbisi FOTO


Digərləri 05 Okt 2018 23:24:00 468 0

Zaqatalanın tanınmış idman mütəxəssisinin 45 illik hobbisi  FOTO

Haqqında söhbət açacağımız Əsgər Məmmədovu Zaqatalada hamı idman mütəxəssisi kimi tanıyır. 69 illik ömrünün 50 ildən çoxunu bədən tərbiyəsi və idmana həsr edən Əsgər müəllim indiyədək bu sahədə bir çox uğurlara imza atıb, onlarla tanınmış idmançının yetişməsində xidməti olub. Bəlkə də bir çoxlarına bəlli deyil ki, Əsgər Məmmədov, həm də yaxşı sənətkardır. Uzun illərdir ki, dekorativ sənətin ən qədim və geniş yayılmış növlərindən biri olan ağac üzərində oyma sənəti ilə də məşğul olur.

Son.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri idman mütəxəssisi ilə görüşüb, onunla bu barədə söhbət edib. Əsgər Məmmədovun sözlərinə görə, 1949-cu ildə Qazaxıstanda anadan olub. Ailəsi bir vaxtlar Naxçıvandan Qazaxıstana sürgün olunubmuş. Sürgün illəri başa çatdıqdan sonra Məmmədovlar ailəsi 1961-ci ildə həmişəlik Zaqatala rayonunda məskən salıb. Uşaq yaşlarından rəssamlıq sənətinə böyük maraq göstərən Əsgər Məmmədov orta məktəbi bitirdikdən sonra Kursk şəhərində Rəssamlıq İnstitutuna daxil olmaq istəyib. Lakin arzusuna qovuşa bilməyib. 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. 1972-ci ildə badminton üzrə Azərbaycan çempionu olan Əsgər Məmmədov, eyni zamanda, həndbol idman növündə də uğurlar qazanıb, ölkəmizin yığma komandasının tərkibində Baltikyanı ölkələrdə keçirilən yarışlarda iştirak edib. Uzun illərdir Zaqatala rayonunda idman sahəsində çalışan Əsgər müəllim kütləvi bədən tərbiyəsi və idman işinin təşkili sahəsindəki xidmətlərinə görə, 1996-cı ildə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" adına layiq görülüb.

Əsgər Məmmədov deyir ki, idmanla yanaşı, 1973-cü ildən ağac üzərində oyma sənəti ilə də ciddi şəkildə məşğul olmağa başlayıb: "İlk əl işim Üzeyir Hacıbəylinin operettasının qəhrəmanı Məşədi İbad olub. Bu əsər üzərində işləyərkən hiss etdim ki, oyma sənəti ilə də məşğul ola bilərəm. Artıq 45 ildir ki, boş vaxtlarımı bu işə sərf edirəm".

Onun sözlərinə görə, heç vaxt eskizlə işləmir, mövzunu xəyalında canlandırır. Təbiət qoynunda gəzərkən mövzuya uyğun ağac parçası axtarıb tapır. Bəzən isə qarşısına çıxan hər hansı bir ağaç parçası, budağın qopmuş bir hissəsi özü sənətkara yeni mövzu verir.


Xəbərə aid fotolar