Türkiyə Prezidenti Almaniyada:


Dünya 05 Okt 2018 20:10:00 237 0

Türkiyə Prezidenti Almaniyada:

Türkiyə-Almaniya münasibətlərində gərginliyin olduğu hamıya məlumdur. İki ölkə bir sıra məsələlərdə ortaq mövqeyə gələ bilmirlər. Berlin Ankaranı insan haqlarını pozmaqda ittiham edir. Ankara isə Almaniyanın Türkiyə əleyhinə pozuculuq fəaliyyəti aparan dairələri müdafiə etdiyini deyir. Konkret olaraq Türkiyə FETÖ və PKK-ya alman rəsmi məqamların imkanlar yaratdığını ifadə edir. Bundan başqa, Avropa İttifaqına üzvlük məsələsində də iki ölkə arasında müəyyən fikir ayrılıqları mövcuddur. Bütün bunlarla yanaşı, Berlin-Ankara münasibətlərinin inkişaf etməsini zəruri edən başqa geosiyasi faktorlar da vardır. Onlar qlobal və regional xarakterlidir. 

Son.az newtimes.az-a istinadən xəbər verir ki, bu cür ziddiyyətli situasiyada Türkiyə Prezidentinin Almaniyaya səfər etməsi aktual idi. Üstəlik, Rəcəb Tayyib Ərdoğan Köln şəhərində inşa edilən yeni məscidin açılışında da çıxış etmək imkanı əldə edirdi. Bu isə son illər ona Almaniyada çıxış etməyə mane olanlara yaxşı cavab idi. Bütün bu məqamların fonunda Türkiyə Prezidentinin Almaniya səfərinin geosiyasi konteksti üzərində geniş dayanmaq maraqlıdır.

Köhnə problemlərə yeni yanaşma: Ankara-Berlin xəttindəki dəyişikliklər

Türkiyə Prezidentinin Almaniyaya səfəri bir neçə aspektdən önəm daşıyırdı. Hər şeydən öncə, bu iki dövlət arasında böyük dostluq ənənəsi mövcuddur. Tarixdən məlumdur ki, Osmanlı-Almaniya münasibətləri son əsrlər strateji maraqların uyğunlaşdırılması müstəvisində inkişaf etdirilirdi. Sonra Türkiyə Cümhuriyyəti ilə Almaniya arasında yaxın əlaqələr formalaşdı. Bu prosesdə Almaniyaya mühacirət edən türklərin rolu böyük oldu. Hazırda Almaniyada 3,5 milyon türk yaşayır. Onların böyük əksəriyyəti Türkiyəyə sevgilərini saxlayırlar. Nəhayət, Almaniya Türkiyənin 10 illərdir can atdığı Avropa İttifaqının ən çox inkişaf edən qüdrətli iqtisadiyyata və gəlişmiş texnologiyaya malik böyük ölkəsidir.

Lakin bir müddətdir ki, Almaniya-Türkiyə münasibətləri ciddi problemlər daşıyırdı. Almaniya FETÖ və PKK-ya gizli dəstək verdiyindən Ankara onun qarşısında tələblər qoydu. Almaniya da qarşılığında Türkiyədə demokratiya və insan haqları ilə bağlı problemlərin olduğu iddiasını irəli sürdü. Bunun fonunda Berlin türk rəsmi şəxslərinin Almaniyada çıxış etməsinə əngəllər yaratdı. Bunun fonunda isə bütövlükdə Türkiyə-Aİ münasibətləri axsamağa başladı.

Sadalanan problemlər həm Almaniya, həm də Türkiyədəki seçkilərdən sonra yumşalmağa başladı. Türkiyənin yeritdiyi inamlı xarici siyasət Berlinə öz mövqeyinə yenidən baxmaq imkanı verdi. Bununla yanaşı, Vaşinqtonun sərt Avropa siyasəti və Rusiyanın Ankara ilə sürətlə yaxınlaşması Almaniyadakı siyasiləri hərəkətə keçirdi. Alman rəsmi dairələri dəfələrlə Türkiyə ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını bəyan etdilər. Nəhayət, sentyabr ayında Almaniyanın xarici işlər naziri Ankaraya səfər etdi. Bu səfər uğurlu oldu və tərəflərin milyardlarla avro həcmində layihə həyata keçirmək niyyətində olduqları informasiyası yayıldı.

Bütün bunlarla yanaşı, Berlin İdlib və miqrant məsələsində Ankaranın doğru mövqeyini görməmiş deyildi. Hər iki problemin həllində Almaniya Türkiyəni dəstəklədiyini açıq bəyan etdi. Əslində, Angela Merkel daim Türkiyənin miqrant siyasətinə yüksək qiymət verərək, Aİ-də bir sıra liderlərlə mübahisəyə girməkdən çəkinmirdi. Zaman alman kanslerin haqlı olduğunu təsdiqlədi.

Prezident Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında müşahidə edilən bu cür proseslər fonunda Almaniya dövlət səfərinə getməsi, əlbəttə, maraq doğuracaqdı. Etiraf edək ki, heç də bütün ekspertlər bu məsələyə obyektiv yanaşmadılar. Bəziləri R.T.Ərdoğanın səfərinin əhəmiyyətini azaltmağa çalışdılar. Hətta Türkiyə Prezidentinin nə səbəbdən alman rəsmi məqamları tərəfindən yüksək səviyyədə qarşılandığına belə qısqanclıq nümayiş etdirdilər. Onlar sual edirlər: nəyə görə Vladimir Putinə belə yüksək diqqət göstərmədilər? Cavabların bir qismi isə qeyri-ciddidir. Bu vəziyyəti R.T.Ərdoğana olan şəxsi münasibətlə, yəni "onu yaxşı qarşılayanda güzəştə gedir" kimi cəfəng fikirlərlə izah etməyə cəhdlər göstərirlər.

Rusiya Prezidenti ilə bağlı bir şey deyə bilmərik. Bu, Almaniya ilə Rusiyanın öz işləridir. Ancaq Türkiyənin dövlət başçısını ona görə yüksək səviyyədə qarşıladılar ki, Türkiyə Yaxın Şərqin ən qüdrətli dövləti və Avropa ilə sıx əməkdaşlığa can atan, inkişaf edən, dünya miqyasında artıq söz sahibi olan böyük dövlətdir! Bunu indi hər kəs etiraf edir. Hətta ABŞ belə İdlib məsələsinə görə, Türkiyəyə təşəkkür edir. Almaniya, Fransa ayrıca razılıqlarını bildirirlər. İndi Türkiyə bütün sahələrdə, o cümlədən siyasət və təhlükəsizlik sferalarında ciddi uğurlar əldə edən böyük gücdür. R.T.Ərdoğanın Almaniyada böyük hörmətlə qarşılanmasının başqa qlobal səbəbləri yoxdur. Əgər məsələyə iki ölkənin konkret münasibətləri kontekstində yanaşsaq, onda digər maraqlı faktlara rast gələ bilərik.

Yaxınlaşma imkanları: ortaq mövqe axtarışı