Beynəlxalq Muğam Mərkəzi "Bülbülcan" haqqında kitabın təqdimat mərasimini keçirdi


Digərləri 05 Okt 2018 18:33:00 386 0

Beynəlxalq Muğam Mərkəzi "Bülbülcan" haqqında kitabın təqdimat mərasimini keçirdi

Oktyabrın 4- də Beynəlxalq Muğam Mərkəzində "Bülbülcan" (Azərbaycan və gürcü dillərində) kitabının təqdimat mərasimi keçirilmişdir.

Son.az xəbər verir ki, tədbirdə mədəniyyət nazirinin  birinci müavini Vaqif Əliyev, musiqi ictimaiyyətinin nümayəndələri- Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Canəli Əkbərov, Əməkdar artisti Təyyar Bayramov  və başqaları iştirak edirdilər.

Tədbiri kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı açaraq, böyük xanəndənin həyat və faəliyyəti, azərbaycan muğam sənətinin formalaşması və inkişafında Əbdülbaqi Zülalov -Bülbülcanın xidmətlərindən danışaraq dedi:Əbdülbaqi Zülalov (Bülbülcan) Azərbaycanın böyük xanəndəsi olmuşdur.

Əbdülbaqi Zülalov (Bülbülcan) 1847-ci ildə Azərbaycanın ən gözəl guşələrindən biri olan Şuşa şəhərində anadan olub. Gənc yaşlarından xanəndəliyə başlayan Bülbülcan əvvəl Azərbaycanda, sonra isə Gürcüstanda, Tbilisi şəhərində bir xanəndə kimi şöhrət qazanmışdır. O, ömrünün 30 ilini (1875-1905) Tbilisi şəhərində yaşamış və fəaliyyət göstərmişdir. Bu illər ərzində Azərbaycan muğamlarını, xalq mahnılarını sevə-sevə ifa etmiş, toy şənliklərində, böyük tədbirlərdə, teatr tamaşalarının arasındakı fasilələrdə öz ansamblı ilə çıxış etmişdir. Onun ansamblı 6 nəfərdən ibarət idi.   

O illərdə Tbilisidə elə bir yüksək səviyyəli məclis yox idi ki, Bülbülcan və onun dəstəsi ora dəvət edilməsin. III Aleksandrın Qafqaz səfəri zamanı (1888 ci il) Tblisinin Müctəhid bağında şərəfinə düzəldilən məclisdə Bülbülcan da iştirak edirdi. Böyük xanəndənin bülbül kimi cəh-cəh vurduğundan vəcdə gələn III Aleksandr onun at üstündə Kovalenski prospekti ilə (indiki Rustaveli prospekti) keçib getməsinə icazə verilməsini çar canişininə tapşırmışdır.   

Knyaz Mixail Romanov (I Nikolayın qardaşı) 1904-cü ildə Tiflisə səfər edərkən  "Edem" bağında təşkil olunmuş ziyafətdə Bülbülcan  o qədər gözəl oxumuşdu ki, knyaz öz barmağındakı 4 karatlıq brilyant üzüyü çıxararaq onun barmağına taxmışdı. Müzəffərəddin şah 1900- cü ildə Avropaya  səfər edərkən bir neçə gün Tiflisdə qonaq qalmış, şərəfinə təşkil olunmuş məclislərin birində Bülbülcanın ifasını  o qədər bəyənmişdir ki, onu "Şiri-xurşid" ordeni ilə təltif etmişdir.   

Əbdülbaqi Zülalova Bülbülcan ləqəbini də gözəl zəngulələrinə görə ilk dəfə Tbilisidə vermişdilər. Bülbülcan xeyriyyəçi kimi də fəaliyyət göstərmiş, Tbilisidə təşkil olunan xeyriyyə konsertlərində mütəmadi çıxış etmişdir.O gürcü, ləzgi, kumık dillərini də bilirdi və bu dillərdə də mahnılar oxuyurdu. Azərbaycanın böyük xanəndəsi, muğam bilicisi 300-dən çox Azərbaycan xalq mahnısını toplamış Cabbar Qaryağdıoğlu yazırdı ki, mən zəngulə vurmaq bacarığını Bülbülcandan öyrənmişəm.   

1920-ci ildə Bakıya köçən Bülbülcanı böyük Üzeyir Hacıbəyli muğam ustası kimi muğam dərsləri verməyə cəlb etmişdir. Bülbülcan haqqında o dövrdə çıxan gürcü və rus dilindəki qəzetlər gözəl məqalələr yazırdılar. Onun konsert afişaları Gürcüstan Dövlət Kino, Teatr və Etnoqrafiya muzeyində indiyə kimi qorunub saxlanılır. Büstü Bakıdakı Beynəlxalq Muğam Mərkəzində ucaldılıb.   

Gülhüseyn Kazımlı qeyd etdi ki,  Mədəniyyət nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə gürcü dilinə tərcümə olunmuş kitabın təqdimatı 2018 ci il oktyabrın 12- də Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək.   

Sonra   Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək, muğam sənətimizin inkişafında xidmətləri olmuş musiqiçilər haqqında, eyni zamanda Əbdülbaqi Zülalov (Bülbülcan) haqqında fikirlərini bölüşdü.