Nəsimidə baş verən lift qəzası ilə bağlı bir nəfər saxlanıldı


Digərləri 05 Okt 2018 16:56:00 248 0

Nəsimidə baş verən lift qəzası ilə bağlı bir nəfər saxlanıldı

Bakı şəhər prokurorluğu ötən gün Nəsimi rayonunda baş verən lift qəzası ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Son.az-a verilən məlumata görə, oktyabrın 4-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, "Nəsimi-3" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən kabinanın 9-cu mərtəbədən şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat etmişdir.

Rayon prokurorluğunun və rayon polis idarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb müvafiq ekspertizalar təyin edilib.

S.Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.