“SOCAR Polimer” polipropilenin ixracına başlayıb


Digərləri 05 Okt 2018 16:37:00 290 0

“SOCAR Polimer” polipropilenin ixracına başlayıb

SOCAR Polymer layihəsi çərçivəsində tikilən zavodlar ildə 184 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək.

Bakı. “SOCAR Polimer” polipropilenin ixracına başlayıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı və İqtisadiyyat Nazirliyinin tabeliyində parkın idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC yaradılıb. Sənaye Parkının ümumi ərazisi 508 hektar təşkil edir ki, bunun da 450 hektarı sənaye zonasıdır. Sumqayıt Kimya Sənaye Parkının investisiya cəlbediciliyinin artırılması məqsədilə parkın rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eyni zamanda parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunur. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarlara daha operativ və rahat fəaliyyətin təşkilini təmin edir. Sənaye Parkında müəssisələrin fəaliyyəti üçün dövlət tərəfindən bütün infrastruktur yaradılıb. Hazırda Sumqayıt Kimya Sənaye Parkının 17 rezidentı var. Mövcud layihələr üzrə Sumqayıt Kimya Sənaye Parkına 2,8 milyard ABŞ dolları həcmində investisiya cəlb edilib ki, bunun da 2,2 milyard ABŞ dolları artıq sənaye parkında reallaşdırılan layihələrə yatırılıb. Sumqayıt Kimya Sənaye Parkı istər ərazisinə, istərsə də investisiya həcminə görə regionun ən iri sənaye parkıdır. Hazırda sənaye parkında 8 müəssisə fəaliyyət göstərir. Bu ilin sonunadək daha 4 müəssisə fəaliyyətə başlayacaq. 4 müəssisənin isə 2019-cu ildə istismara verilməsi nəzərdə tutulur. Parkın rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac edilir.