Millət vəkili: "Zatulinin fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik"


Siyasət 05 Okt 2018 15:26:00 266 0

Millət vəkili: "Zatulinin fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik"

RF Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə bu gün parlamentin plenar iclasında K.Zatulinin Azərbaycan əleyhinə növbəti aqressiv açıqlamasına münasibət bildirərkən deyib.

Ç.Qənizadə Duma komitəsinin rəhbərliyində olan şəxsin belə bir mövqe nümayiş etdirməsinin qəbuledilməz olduğunu deyib: "Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Zatulin iddia edir ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edir ki, Azərbaycanın siyasəti sənədlərdə əks olunduğu kimi deyil".

Millət vəkili bildirib ki, K.Zatulin kiminsə şəxsi fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb: "Təbii ki, biz bunu qətiyyətlə pisləyirik".

Ç Qənizadə K.Zatulinin ermənilərə bağlı olmasına da diqqət çəkib: "Zatulin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə keçirilən "parlament seçkiləri"ndə iştirak edib və həmin şəxs Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına daxil edilib. Biz daha böyük siyasi məsələlərdə olduqca ehtiyatlı olmalıyıq".

Son.az