"Münaqişələrə bürünmüş dünya üçün Azərbaycanın Vatikanla daha dərin əməkdaşlığı tarixi və bəşəri əhəmiyyətə malikdir"


Digərləri 05 Okt 2018 13:58:00 241 0

"Münaqişələrə bürünmüş dünya üçün Azərbaycanın Vatikanla daha dərin əməkdaşlığı tarixi və bəşəri əhəmiyyətə malikdir"

Azərbaycan-Vatikan əlaqələrinin inkişafı XXI əsrin əvvələrinə qədərki dövr üçün analoqsuz geosiyasi fenomendir və dünyaya müstəsna əhəmiyyətli örnək olmaqla bir neçə cəhətdən diqqət cəlb edir.

Son.az xəbər verir kİ, bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, XXI əsr bütün dünya üçün dinlərarası, millətlərarası və mədəniyyətlərarası münaqişələrlə başlayıb: "Bu, təəssüfedici haldır. Tolerantlıq və multikultural dəyərləri tədricən arxa plana sıxışdırmaq istəyən mürtəce beynəlxalq təmayüllər yaranır, hətta mədəniyyətlərarası anlaşmanın mümkünsüzlüyü barədə təbliğatlara rəvac verilirdi. Məhz belə bir vaxtda Azərbaycan bütün dünya üçün örnək olan və təsirli mesajlara malik konseptual bir bəşəri siyasəti daha ardıcıl həyata keçirməyə başladı. Ölkənin daxilində millətlər və dinlərarası həmrəyliyin bütün yaradıcı gücünü tam şəkildə üzə çıxarmağa xidmət edən dövlət siyasətinin əsasları yaradıldı və həyata keçirildi. Azərbaycanda sistemləşdirilən mədəniyyətlərarası anlaşma və dioloq mühiti tək ölkədaxili model olaraq qalmadı, onu qiymətli tolerantlıq və multikultural dəyər olaraq dünya miqyasına da çıxarmağa başladı. Bu gün Azərbaycan dünya üçün tolerantlıq və multikultural dəyərlərin nadir ixracatçılarından birinə çevrilib. Bu amil Azərbaycanın neft-qaz ixracatı qədər dəyərlidir".

Ekspert bildirib ki, sivil müsəlman ölkəsi kimi Azərbaycanın xristian mərkəzi olan Vatikanla çoxdan başlanmış və dərinləşən əməkdaşlığı dünya islam-xristian münasibətləri tarixində yeni dövr açmaq gücünə malik hadisədir:

"Papanın Bakıya səfərləri, Heydər Əliyev Fondunun Vatikandakı bərpa-yaradıcılıq işlərinə töhfəsi, Vatikanın Azərbaycanla siyasi-diplomatik əlaqələrə xüsusi önəm verməsi deyilənlərə sübutdur. Dünyada müsəlman-xristian anlaşmasına Azərbaycan qədər töhfə verə bilən ikinci müsəlman ölkəsi yoxdur. Münaqişələrə bürünmüş müasir dünya üçün Azərbaycanın Vatikanla daha dərin əməkdaşlığı tarixi və bəşəri əhəmiyyətlidir. Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dünyaya guya xristian-müsəlman qarşıdurması kimi təqdim etmək strategiyasının alt-üst edilməsində Azərbaycanın bu siyasəti həlledici rol oynadı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanla dinamik inkişaf edən əməkdaşlığa müsəlman və xristian dünyalarını bir-birinə daha da yaxınlaşdıran böyük siyasətin ana xətti kimi yanaşırlar".

A.Quliyev vurğulayıb ki, münaqişələrə bürünmüş müasir dünya üçün Azərbaycanın Vatikanla daha dərin əməkdaşlığı tarixi və bəşəri əhəmiyyətə malikdir: "Azərbaycan-Vatikan münasibətləri iki dövlətin manefələri ilə yanaşı, həm də dünya üçün strateji əhəmiyyət kəsb edir".