Rusiya "qlobal dəyərlərə nifrətdə suçlanır


Dünya 05 Okt 2018 12:01:00 273 0

Rusiya "qlobal dəyərlərə nifrətdə suçlanır

Hollandiyanın və Böyük Britaniyanin baş nazirləri Rusiyanı "qlobal dəyərlərə nifrətdə" ittiham edib. Hər iki ölkə də oktyabrın 4-də Rusiya hərbi kəşfiyyatının müxtəlif beynəlxalq və milli qurumlara kiberhücumlar hazırladığını bildiriblər.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, baş nazirlər Mark Rutte və Tereza Meyin birgə bəyanatında deyilir ki, əvvəllər QRU kimi tanınan rus hərbi kəşfiyyatı beynəlxalq təhlükəsizliyi təmin edən razılaşmalara hörmət etmir.

Böyük Britaniya Rusiyanı Beynəlxalq Antidopinq Agentliyinə hücumda suçlayıb. Hollandiya isə bildirib ki, hələ apreldə Rusiyanın 4 hərbi kəşfiyyatçısını Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına kiberhücum cəhdindən sonra ölkədən çıxarıb. Hollandiya həmin şəxslərin fotolarını, ölkəyə gəldikləri diplomatik pasportları nümayiş etdirib.

NATO baş katibi Yens Stoltenberq bəyan edib ki, Rusiya kiberməkanda "məsuliyyətsiz" davranışına son qoymalıdır. O əlavə edib ki, müttəfiqləri Böyük Britaniya və Hollandiyanı dəstəkləyir.

Böyük Britaniya xarici işlər naziri Ceremi Hant deyib ki, London müttəfiqləri ilə Rusiyaya yeni sanksiyaların tətbiqini müzakirə edir.