"Regionda çox təhlükəli situasiya yaranıb" Azərbaycanlı deputat ATƏT PAda həyəcan təbili çaldı


Siyasət 04 Okt 2018 15:45:00 326 0

"Regionda çox təhlükəli situasiya yaranıb"  Azərbaycanlı deputat ATƏT PAda həyəcan təbili çaldı

Qırğızıstanın paytaxı Bişkek şəhərində payız sessiyasına başlayan ATƏT Parlament Assambleyasının əsas müzakirə mövzusu "Etimad və regional əməkdaşlıq vasitəsilə sərhəd bölgələrində yeni çağırış və təhlükələrlə mübarizə" olub.

Müzakirələrdə çıxış edən ATƏT rəhbərliyi və Qırğıstanın xarici işlər naziri regionda olan təhlükələrdən və onların aradan qaldırılması yollarından danışıblar.

Sessiyada Azərbaycandan olan deputatlar da çıxış ediblər. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili Son.az-a bildirib ki, o, regionda təhlükəsizliyin pozulmasında əsas təhlükə mənbəyi olaraq işğalçılıq, etnik təmizləmə və ərazi bütövlüyünü pozulması olduğunu göstərib və Ermənistanın 25 ildən çox davam edən işğalçılıq siyasətinin qarşısının alınmasının bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. Sessiyada "Bu gün Azərbaycan ərazisinin 1/5-i işğal altında, əhalinin isə hər 9 nəfərindən 1-i məcburi köçkündürlər," - deyən Tahir Mirkişili bu faktın həm də Azərbaycanda prioritet olan insan kapitalınn inkişafına mane olduğunu göstərib.

Ermənistanda hökumət dəyişikliyinin Dağıq Qarabağ münaqişənin ədalətli həllinə müəyyən ümidlər yaratdığını deyən deputat qeyd edib ki, sonrakı proseslər və Ermənistanın yeni rəhbərliyinin ziddiyyətli bəyanatları münaqişənin həllinə zərbə vurur və bunun regionda yeni təhlükəlli situasiya yaradır.

Regional təhlükəsizliyin əsas məqsədləri kimi o, daxili sabitlik, vətəndaş həmrəyliyi, cəmiyyətdə həmrəylik, multikulturalizm, dinlərarası və xalqlararası dialoq, dayanıqlıq və dinamik iqtisadi inkişafı göstərib və buna nail olmaqda hər bir ölkəni Azərbaycanın təşəbbüslərini dəstəkləməyə çağırıb.

İlkin İzzət Son.az