Ətçəkən maşında qalmış əlin bərpası demək olar ki, mümkünsüzdür


Digərləri 03 Okt 2018 23:12:00 302 0

Ətçəkən maşında qalmış əlin bərpası demək olar ki, mümkünsüzdür

Cərrahiyyənin xüsusi sahəsi olan və çətinliyinə görə fərqlənən əl cərrahiyyəsini mikroskop altında işləməyi bacaran, eləcə də bu istiqamətdə təhsil almış mütəxəssis icra edə bilər. Burada görüləcək iş yalnız cərrahi müdaxilədən ibarət deyil. Əməliyyatdan sonra xəstə uzun zaman reabilitasiya prosesindən keçir. Bütün görülən tədbirlərə baxmayaraq, 100 faizlik nəticə əldə etmək olmur. Xəstələrdə kosmetik və funksional defektlər qala bilər.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının travmatoloq ortopedi Nicat Səttarov məlumat verib.

- Ən çox hansı səbəblərdən müraciətlər olur?

- Bu müraciətlərin əksəriyyəti travmalarla bağlıdır. Buna məişət yaralanmaları, iş qəzaları, yol-nəqliyyat hadisələri nəticəsində alınan travmalar, ağır əşyaların əl üzərinə düşməsi və s. aiddir. Bundan əlavə, 2-3 il dializə gedən xəstələrdə karpal kanalların yığılması nəticəsində karpal tunel yaranır. Bu hala təxminən hər 10 xəstədən 9-da rast gəlinir. Belə olduqda dializdən 3-5 il sonra əl əməliyyatı keçirilir.

Ümumiyyətlə, əldə yaranan problemin səbəbləri müxtəlifdir. Nümunə olaraq tipdren kontrakturasını göstərə bilərik. Bu əlin formal xassəsinin xəstəliyidir ki, bu zaman barmaqlar bükük qalır. Bununla yanaşı, bilək problemləri ilə də əlaqədar müraciətlərə rast gəlinir. Biləkdə 8 kiçik sümük var. Uzun illər əl işləməyə məruz qaldıqda bu sümüklər arasında olan bağlar qopur. Bu zaman biləkdə stabillik pozulur və ağrılara səbəb olur. Hər iki halda cərrahi müdaxilə vacibdir.

- Travmalara daha çox hansı yaş qrupunda rast gəlinir? Sizə qadınlar yoxsa, kişilər daha çox müraciət edir?

- Travmalara yetişkin yaş qrupunda daha çox rast gəlinir. Müraciət edənlərin arasında kişilər üstünlük təşkil edir. Misal üçün, elektrik mişarı ilə işləyəndə ehtiyatsızlıqdan ağır yaralanmalar, hətta əlin qopması halları da olur. Bu zaman klin-kat deyilən kəsilmə varsa, ilk 6-8 saat ərzində əli bərpa etmək olur. Bəzən elə yaralanmalar olur ki, onları replantasiya etmək mümkün deyil. Qopmuş əli bərpa etmək üçün ilkin cərrahi müdaxilə olduqca vacibdir. Düzgün əməliyyat və reabilitasiya tətbiq edilərsə, funksional olaraq müsbət nəticələr əldə etmək mümkündür. Əgər xəstə əməliyyatdan sonra fizioterapiyaya getmirsə, son nəticə uğurlu olmaya bilər.

- Qadınlar hansı səbəblərdən əl cərrahına müraciət edirlər?

- Qadınlar arasında əldə ən çox rast gəlinən problem karpal tuneldir. Karpal tunel problemi əl biləyindən keçən median sinirinin sıxılmasıdır. Qadınlarda 40 yaşdan sonra fizioloji proseslə əlaqədar estrogen səviyyəsi aşağı düşür, karpal kanal daralır və bunun nəticəsində median siniri sıxılır. Problemin əsas əlamətləri gecələr ilk üç barmağın uyuşması ilə başlayır, sonra keyiyir və zamanla güc zəifliyi olur. Cərrahi müdaxilədən sonra problem aradan qalxır.

Bazu kubtal tunel sindromu da qadınların şikayət etdiyi narahatlıqlardan biridir. Bu dirsək sinirinin sıxılmasıdır. Onun klinik əlamətləri 4-5-ci barmaqda uyuşma, güc zəifliyi, əldə koordinasiyanın itməsidir. Bu zaman qaşığı tutma, düymələmə, ayaqqabı bağı bağlama kimi incə hərəkət etməkdə çətinliklər yaranır. Əməliyyatdan sonra nəticə uğurlu olur.

Tətik barmaq problemində isə əlin baş barmağı və digər barmaqlarda sıxılma hiss olunur. Səhərlər barmaqlar bükülü qalır, zamanla ağrılı da olsa, açılır. Bu da kiçik əməliyyatlarla düzələ bilən problemdir.


Xəbərə aid fotolar