İnterneti icad edən şəxs onu məhv etmək fikrinə düşüb


Digərləri 03 Okt 2018 22:41:00 267 0

İnterneti icad edən şəxs onu məhv etmək fikrinə düşüb

Müasir İnternetin "atası" Timoti Berners-Li "İnrupt" adlı yeni strukturu təqdim edib. Bu layihə çərçivəsində istifadəçilərə öz məlumatlarını müstəqil saxlamaq hüququ verən proqram əlavələri yaradılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "İnrupt" strukturu genişmiqyaslı "Solid" layihəsinin kommersiya tərəfini təmin edəcək. Berners-Linin komandası artıq neçə ildir ki, bu layihə üzərində işləyir. Açıq kodlu bu platforma bütün istifadəçilərin öz şəxsi informasiyasını harada saxlamağı və onu kimlərlə bölüşməyi seçməsinə imkan verir.

Bu prinsip şəbəkədə məlumatların saxlanmasının mövcud qaydalarına ziddir. Həmin qaydalara görə, bütün istifadəçilər şəxsi informasiyanı böyük IT-şirkətlərə - axtarış sistemlərinə, sosial şəbəkələrə, messencerlərə verirlər. Korporasiyalar bütün məlumatları öz serverlərində saxlayan inhisarçıdır. Bu yanaşma məlumat massivlərini haker hücumları üçün zəif edir.