Yumurtalıqların polikistozu sindromu


Digərləri 03 Okt 2018 22:35:00 368 0

Yumurtalıqların polikistozu sindromu

Polikistoz xəstəliyi zamanı yetişməyən xırda follikullar yumurtalığın səthində yığılır və bu, ultrasəsdə xırda kistaya oxşayır. Lakin həmin kistalar əslində xırda follikullardır və yumurtalığın kistası ilə heç bir əlaqəsi yoxdur.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a "Caspian International Hospital"ın mama-ginekoloqu Rəşad Sultan məlumat verib. O deyib: "Polikistoz diaqnozu qanda hormon analizi ilə qoyulmur, əslində qanda hormonların analizi diaqnozu qoymaqdan daha çox eyni əlamətlərə səbəb olan digər xəstəlikləri istisna etmək məqsədi daşıyır. Heç bir şikayəti olmayan xəstəyə yalnız ultrasəs görüntüsünə görə polikistoz diaqnozu qoymaq olmaz. Həmin diaqnoz əsasən üç əlamətdən ikisi olduqda qoyulur: anovulyasiya, ultrasəs əlamətləri və kişi cinsi hormonlarının artımı (tüklənmə və analizlər). Əslində polikistoz haqqında informasiyalar bir qədər şişirdilib, o heç də təhlükəli və nadir rast gəlinən xəstəlik deyil. Qadınların təxminən 5 faizi həmin xəstəliklə üzləşir. Ona görə də həkimlər onu xəstəlik deyil, sindrom, yəni, əlamətlər toplusu hesab edirlər. Lakin onun həyati təhlükəsi olmasa da, hamilə qalmağa mane olur. Həm də gələcəkdə şəkərli diabet və uşaqlıq xərçəngi üçün risk faktoru sayılır".

Rəşad Sultan bildirib ki, polikistozun radikal müalicəsi yoxdur, aparılan müalicə ancaq əlamətlərin və risk faktorlarının aradan qaldırılmasına, həmçinin hamilə qalmağa xidmət edir. Artıq çəkili xəstələrdə müalicənin əsasını çəkinin azaldılmasına nail olmaq təşkil edir. Polikistoz zamanı guya yumurtalığın qabığının qalınlaşması barədə deyilənlər həqiqəti əks etdirmir və ümumiyyətlə, belə bir anlayış yoxdur. Yumurtalıq bütövlükdə böyük olur və toxumasında kişi cinsi hormonları çox istehsal olunur. Xəstəliyin əlamətləri, xüsusilə tüklənmə, sivilcələr və saç tökülməsi də əsasən bununla əlaqədar olur.

Aparılan toxumanı dağıtmaq əməliyyatı kişi cinsi hormonlarının azaldılmasına kömək edir, lakin əldə edilən nəticə uzunmüddətli olmur. Xəstəlik zamanı aparılan əməliyyat radikal bir metod deyil, orta hesabla 6 aylıq bir dövrdə irəliləyişə nail olmağa imkan verir. Digər tərəfdən, yumurtalıq toxuması dağıdıldığına görə onun ciddi zərəri ola bilər.

Mama-ginekoloq bildirib ki, follikulun partlamamasının səbəbi hormonal tarazlığın pozulmasıdır. Ona görə də aparılan müalicənin məqsədi, ilk növbədə, yumurta yetişdirməyə kömək edən dərmanların köməyi ilə hormonal tarazlığın qaydaya salınmasıdır.