“Mədəniyyət.AZ” jurnalının növbəti sayı nəşr olundu


Kriminal 03 Okt 2018 17:44:00 240 0

“Mədəniyyət.AZ” jurnalının növbəti sayı nəşr olundu

"Mədəniyyət.AZ" jurnalının növbəti sayı nəşr olunub.

Son.az xəbər verir ki, dərgi Ulu öndər Heydər Əliyevin mədəniyyət xadimlərinə, ümumiyyətlə bu sahəyə göstərdiyi qayğıdan bəhs edən və Ümummilli liderin öz dəyərləndirməsinə istinadən "Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir" sərlövhəli məqalə ilə açılır.

Həmişə olduğu kimi, bu dəfə də milli mətbuatımızın şanlı tarixinə işıq saçılır, millətin maariflənməsi yolunda böyük rola malik Azərbaycan jurnalistikasının yaradıcıları xatırlanır. Həsən bəy Zərdabinin həyat-fəaliyyətindən bəhs edən "Azərbaycan ictimai fikrinin məşəli", eləcə də "Mütəllibzadə qardaşları və Azərbaycan uşaq mətbuatı" yazıları bu qəbildəndir.

"Mədəniyyət.AZ" jurnalı Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə xüsusi buraxılış hazırlasa da, qürurlu keçmişimiz - Şərqdə ilk demokratik respublika ilə bağlı araşdırmalar mütəmadi şəkildə təqdim olunur. Sənətşünaslıq üzrə elmlər doktoru, professor Fərəh xanım Əliyevanın yazısı Üzeyir Hacıbəylinin Cümhuriyyət dövrü musiqi yaradıcılığı barədədir.

"Sərhədləri yaxınlaşdıran "sərhədsiz teatr" reportajında isə Şəkidə keçirilən "Üç məkan" Beynəlxalq Teatr Festivalının işinə güzgü tutulur, təşrif buyurmuş dünya şöhrətli sənətkarların sənət və vətənimiz haqqında təəssüratlarına yer ayrılır.


Xəbərə aid fotolar