Donuzların müflis etdiyi futbol ulduzu - pulgir hollandiyalı


İdman 03 Okt 2018 16:40:00 313 0

Donuzların müflis etdiyi futbol ulduzu - pulgir hollandiyalı

Futbol tarixinin tanınmış simalarından biri olan Yohan Kruyff-un uşaqlığı çətinliklər içərisində keçib. Ailə kasıb idi. Atasının vaxtsız ölümü ailənin yaşayışını daha da çətinləşdirib. 12 yaşlı Yohan ailəni saxlamaq üçün işləmək məcburiyyətində qalıb. Boş vaxtlarında isə top qovmaq onun sevimli məşğuliyyəti idi. Fenomenal texnikaya malik olan Yohan ilk məşqlərini təkbaşına edirdi. Yohan çalışmaq, pul qazanmaq istəyirdi.  Gələcəyin tanınmış futbolçusu deyirdi: “Mən çörək üçün kiməsə əl aça bilmərəm. Özüm qazanmalıyam”.

Reklam kampaniyasının parlayan ulduzu

Kruyff  ulduz simasını yaradanda futbolda imicmeyker barədə heç kim eşitməmişdi. Uzun saçları onu digərlərindən fərqləndirən əsas cəhət idi. 14 nömrəli futbolkadan başqa, istənilən futbolkanı geyinə bilərdi.  Futbolu dərindən bilirdi. Mükəmməl texnikası onun ən böyük silahı idi. Yaşıl meydanda rəqiblərini çaş-baş salan Yohan futboldan kənarda tam başqa bir insana çevrilirdi. Həmişə ağzında siqaret, qolunda bilərzik olardı. Hollandiya futbolunda ilk reklama çəkilən məhz Kruyff olub. O, dövrünün ən geniş yayılmış siqaretlərini, Bruguer kraskasını, Cropan futbol albomunu, Philips videomaqnitafonunu həvəslə reklam edirdi. Reklamlar ona yaxşı pul qazandırırdı. Ölkə futbolu tarixində ilk dəfə xüsusi agentin köməyindən yararlanan da Kroyff olub. Qaynatası, həm də xüsusi agenti olan Kora Koster futbolçunun kommersiya işləri ilə məşğul olurdu. Citroen Sport Maserati şirkəti də reklam işini bu futbolçuya həvalə etmişdi. Şirkət bahalı maşınlarından birini Yohana icarəyə vermişdi. Futbolçu həmin maşını qəzet üçün reklam edirdi.

Məşhur futbolçu 1974-cü ildə “Puma” şirkəti ilə müqavilə bağladı. Şərtə görə, yalnız bu şirkətin Puma King butslarında meydana çıxmalı idi.  Xatırladaq ki, Pele 1974-cü ilin dünya çempionatında həmin butslarda çıxış etmiş, Maradona 1986-cı ildə mundialın ən gözəl qolunu vurmuşdu. Şirkətlə bağladığı müqavilə 1974-cü ilin dünya çempionatında Kroyff üçün problem yaratdı. Həmin vaxt Hollandiya milisinin texniki sponsoru “Puma”nın əsas rəqibi “adidas”idi. Gəlirdən məhrum olmaq istəməyən Yohan federasiyaya təzyiq göstərirdi. Problem qeyri-adi üsulla həll edildi: “adidas”şirkətinin loqosunda olan 3 xəttdən biri Kruyffun futbolkasından silindi. Pul qazanmağın yollarını yaxşı bilən hollandiyalının Gruyff Sportvear şirkəti 2014-cü ildə DÇ-1974-ün futbolkalarının nümunəsini satışa çıxardı. Futbolkaların loqosunda iki xətt yer almışdı. Adidas tələb etdi ki, həmin futbolkalar satışdan yığışdırılsın. Amma Kruyff  bu tələbə etiraz etdi: “Mən başa düşmürəm. Bu iki xətt mənə məxsusdur. Adidas şirkətinə heç bir dəxli yoxdur. Mənim şirkətim yeni model futbolkalar istehsal edir. Bizim işimizə heç kim qarışa bilməz”.

 

Brend idman geyimləri yaradan futbolçu

Kruyff digər şirkətlərlə əməkdaşlıq əlaqəsini birdəfəlik kəsdi. O, yeni brend geyimlər istehsal etməyi düşünürdü. Tanınmış futbolçu hesab edirdi ki, idman geyimləri tamam başqa stildə olmalıdır. Öz ideyasını həyata keçirmək istəyən hollandiyalı populyar dizayner Emilio Laççarini ilə məsləhətləşdi. Beləliklə,1974-cü ildə Cruyff Classicis şirkətinin əsası qoyuldu. Məqsəd rahat və dəbdən düşməyən idman geyimi yaratmaq idi. Plan baş tutdu. Şirkətin hazırladığı idman geyimləri tez bir zamanda alıcıların gündəlik geyiminə çevrildi. Peşəkar idmançılar yeni geyimləri bəyənirdi. Van Basten, Berqamp kimi futbolçular Kruyffun butslarında çıxış edirdilər. Hətta 1998-ci ildə Seulda keçirilən Olimpiya oyunlarına Hollandiya komandası Cruyff Classicis şirkətinin hazırladığı idman geyimində yollanmışdı.

2012-ci ildə şirkət idman geyimindən imtina edərək gündəlik paltar istehsalına başladı. Cruyff Classicis Hollandiya bazarında rəqabətə tab gətirməyi bacardı. Amsterdamda və ölkənin digər şəhərlərində fəaliyyət göstərən mağazalar xeyli gəlir əldə etməyə imkan verirdi.

 

İnqilabçı Kroyff

Kruyff peşəkar karyerasının ilk 12 ilini Hollandiya keçirdi. 60-cı illərdə burada futbol inkişaf etməmişdi. Təşklatçılıq zəif idi, futbolçuların hüququ qorunmurdu. Daha doğrusu, bu barədə düşünən belə yox idi. Bu hal Kruyffi çox narahat edirdi. Əslində, o, bu cür vəziyyətə görə pul itirdiyini düşünür və qaydalarda dəyişiklik etməyin yollarını axtarırdı. 1971-ci ildə Ajax-la yeni müqavilə bağlamaq istəyən Yohan danışıqların onun agenti ilə aparılmasını istədi. Buna qədər Hollandiyada bu cür qaydada müqavilə bağlanmamışdı. Klub rəhbərliyi heyrət içində idi. 1974-cü ilin dünya çempionatı ərəfəsində isə Kroyff milli komandanın futbolçularını baykota çağırdı: o hesab edirdi ki, federasiya az mükafat verir. Əlacsız qalan federasiya rəhbərliyi mükafatın məbləğini artırmalı oldu. Tanınmış hollandiyalını futbolçulardan tutulan vergi də narahat edirdi. Onlar qazancın 75 faizini dövlətə ödəməli olurdular. Haqsızlığa etiraz edən Yohan qanunlara dəyişiklik etməyə nail oldu. 1969-cu ildə vergilər 45 faizə qədər endirildi. Qazancın 30 faizi isə rensiya fonduna köçürüldü. Həmin məbləğ pensiyaya çıxan futbolçulara ödənilirdi. Futbolçular tibbi sığorta ilə də təmin edildi. Bu, inqilab sayılırdı və inqilabın təşkilatçısı Yohan Kruyff  idi. Aləmi bir-birinə vuran Yohan pensiyaya çıxdıqdan sonra hər ay fonddan 50 min avro alırdı.

Donuzlar onu müflis etdi

31 yaşında karyerasını başa vuran Kruyffun təqribən 7 milyon dolları var idi. Onun pulları xeyli fırıldaqçı insanı cəlb etmişdi. Rus əsilli fransız biznesmen Mişel- Jorj Bazileviç isə fırıldaqçılar arasında xüsusi seçilirdi. O, ispan biznesmenlərlə bir yerdə gəzir, özünü varlı kimi göstərmək üçün bahalı kostyum geyinir, icarəyə götürdüyü Rolls-Roys avtomobilində fırlanırdı. Bazileviç Yohan Kruyffu inandırdı ki, donuzçuluğun inkişafına sərmayə qoysa daha çox pul qazana bilər.Yohan tələyə düşdü. Necə deyərlər, hiyləgər tamahkiri aldatdı.  Keçmiş futbolçu həyat yoldaşından və qaynatası olan agenti Ken Kosterdən xəlvət Bazileviçin hesabına xeyli pul köçürdü. Həmin pulla 3 yerdə torpaq sahəsi alınmalı və donuz ferması tikilməli idi. Bir müddətdən sonra məlum oldu ki, Yohan Bazileviçə bir neçə milyon dollar ödəsə də, bunu təsdiq edən heç bir sənəd almayıb. Fransız biznesmen donuz ferması inşa etməyə hazırlaşmırdı. O, sadəcə olaraq, Kruyffu aldatmışdı. Aldandığını başa düşən holland futbolçu demişdi:  “Ağılsızlıq etdim. Səhvimi başa düşəndə başımı divara vurmaq istəyirdim. Donuz ferması mənim nəyimə lazım idi? Özümü bağışlaya bilmirəm. Əziyyətlə qazandığım sərvət bir anda əlimdən çıxdı”. Qəzetlər yazırdı ki, Kruyff  6 milyon dollar itirib. Pulları geri qaytarmaq şansı olmadığını başa düşən keçmiş futbolçu borcunu qaytarmaq üçün evini satmalı oldu.

Hər biletə görə 5 qulden

Maliyyə problemləri Yohanı yenidən futbola qaytardı. 1981-ci ildə Ajax-la anlaşan futbolçu iki dəfə ölkə çempionu adını qazandı. Həmin vaxt holland ulduz il ərzində 1,5 milyon qulden əməkhaqqı alırdı. Gənclərə üstünlük verən rəhbərlik yaşlı Yohanla yeni müqavilə bağlamadı.  Pul qazanmaq ehtirası onu rahat buraxmırdı. Buna görə də, Ajax-ın rəqibi olan Feyenoord-la müqavilə bağladı. Amma yeni klubunda qazandığı pul onu qane etmirdi. Daha çox qazanmaq istəyən Kruyff  klub rəhbərliyinə qayri-adi sxem təklif etdi: ev oyunlarına 20 min tamaşaçı gələrsə, satılan hər biletdən 5 qulden ona çatmalıdır.  Feyenoord-un hər oyununa orta hesabla 25 min azarkeşin gəldiyini nəzərə alsaq, pulgir Kruyffun bu sxemi ona xeyli vəsait qazandıra bilərdi. Lakin komandanın ev oyunlarnda cəmi bir dəfə (Feyenoord-Ayaks matçı)20 mindən çox azarkeş iştirak etdi. Kroyff 10il turnir cədvəlinin ortalarında yer alan Feyenoord klubunu ölkə çempionluğuna yüksəltdi və çemionatın ən yaxşı futbolçusu seçildi. 37 yaşlı Yohan bundan sonra futbolu birdəfəlik tərk etdi.

Karyerasını başa vurandan sonra məşqçi kimi fəaliyyət göstərmək istəyi onu Barcelona komandasına gətirdi. Əldə etdiyi uğurlar onun nüfuzunu artırırdı. 1996-cı ildə klubdan ayrılan Yohan gəlir əldə etmək üçün Meksikanın Çivas klubunda məsləhətçi kimi işlədi. Amma buradan  9 ay sonra qovuldu. Deyilənlərə görə, meksikalılar hollandiyalıya 10 milyon avro ödəyiblər. Kataloniyada ödənişli kurs açan Yohan burada futbol menecerlərinə təlim keçirdi.

Puldan doymayan  Kruyff  mətbuata verdiyi müsahibələrə görə qanopar tələb edirdi. 2000-ci ildə keçirilən futbol üzrə Avropa çempionatı ərəfəsində maraqlı bir hadisə baş vermişdi. Saymon Kuper adlı bir jurnalist Kruyffdan müsahibə almış və onun işlədiyi qəzet Yohana qanorar ödəmişdi. Bir aydan sonra Kuper həmin müsahibə barədə başqa bir jurnalda yazı dərc etmişdi. Bunu eşidən hollandiyalı futbol ulduzu jurnalistdən əlavə qanorar tələb etmişdi.

2016-cı ildə dünyasını dəyişən futbol dahisinin qurduğu böyük biznes imperiyası onun ölümündən sonra da fəaliyyət göstərir. Amsterdamda yaradəlan Yohan Kroyff institutu, Kroyff  biznes məktəbi,  brend geyim istehasal edən Cruyff Classics şirkəti təkcə Hollandiyada deyil, bütün dünyada tanınır. Aktivində 5 milyon avro olan Nuevos Horizontes daşınmaz əmlak agentliyi də Kroyff imperiyasına aiddir.Unudulmaz futbolçunun biznes imperiyasını oğlu Jordi idarə edir.

Goal.az