Parseqovu vəhşicəsinə öldürüb Qarabağa qaçdı, general Bastrıki “tutub apardı”...


Dünya 03 Okt 2018 16:28:00 247 0

Parseqovu vəhşicəsinə öldürüb Qarabağa qaçdı, general Bastrıki “tutub apardı”...

2017-ci il mayın 15-nə keçən gecə Rusiyanın Stavrapol vilayətinin Pyatiqorsk şəhərində, Engels küçəsində yerləşən fərdi evlərdən birində xüsusi qəddarlıqla qətl törədilib. İdmançı cüssəli şəxs-23 yaşlı Karen Xaratyan evin 35 yaşlı sahibi Valeri Parseqovu çoxsaylı bıçaq zərbələri ilə öldürüb. Və bir neçə gün sonra Rusiyanı tərk edərək Azərbaycanın işğal altındakı ərazilərində gizlənib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, ermənilərin sıx məskunlaşdığı Stavrapolda bir erməninin digərini öldürməsinin motivi biznes üstündə yaranan münaqişə olub. Belə ki, Parseqovla Karen Xaratyanın atası Eduard (onu Stavrapolda "Pistolet" ləqəbi ilə tanıyırlar) bir vaxtlar ortaq biznesə malik olub. Amma Valerinin anası Anait tezliklə biznesi təkbaşına davam etdirməyi qərara alıb, Eduard isə hesab edib ki, qadın ona borcludur. Və Anaiti və ailəsini təhdid etməyə başlayıb, bir dəfə onların həyətinə döyüş qumbarası da atıb. Nəhayət Anait pul toplayıb Eduardın haqqını verib. Buna baxmayaraq düşmənçilik aradan qalxmayıb.

Nəhayət həmin gün axşam saatlarında kimsə Valeri Parseqovun evinin darvazasını döyüb. Ev sahibi qapını açan kimi idmançı cüssəli şəxs bıçaqla ona hücum edib və dalbadal zərbələr endirməyə başlayıb.

Parseqovun arvadı Asya hadisəni belə xatırlayır: "Mən ərimlə həyətdə idim və gördüm ki, tanımadığım şəxs ona hücum edib bıçaqla vurmağa başladı. Bədən hərəkətlərindən başa düşdüm ki, o idmançıdır, hazırlıqlıdır. Başa düşmürdük ki, kimdir, ona nə lazımdır, amma məqsədinin öldürmək olduğu aydın idi. Əlimə keçən əşyaları ona tərəf atdım, bu vaxt mənə tərəf dönüb "indi səni də öldürəcəyəm" dedi..."

Asya evə tərəf qaçır, həmin vaxt yuxarıda onların südəmər körpəsi yatırdı. Qadın qorxub ki, qatil onu da körpəni də öldürər. Asya görəndə ki, həmin adam onun ərini bıçaqlamaqda davam edir və qəssab kimi bıçaqla silahlanmış bu adamı dayandırmaq gücündə deyil, qarşısında diz çöküb və ərini öldürməməsi üçün yalvarıb. Bu vaxt qan içində olan Valeri arvadına qışqırıb ki, tez evə qaçıb tapançanı ona gətirsin. Qatil bunu eşidəndə hasardan aşaraq qaçıb, Asya travmatik tapançanı ərinə versə də Valeri qatilin arxasınca qaça bilməyib. Huşunu itirərək yıxılıb və xəstəxanada ölüb.