Cocuq Mərcanlıda istehsal edilən məhsullar satışdadır


Digərləri 03 Okt 2018 16:25:00 281 0

Cocuq Mərcanlıda istehsal edilən məhsullar satışdadır

Məhsullar “Cocuq Mərcanlı” brendi ilə satışdadır

Bakı. İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində artıq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış istixanalarda və arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların satışı həyata keçirilir. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar, oktyabrın 3-də Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB), “Ziraat Bank Azərbaycan” ASC-nin nümayəndələrinin və sahibkarların iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının iqtisadi inkişaf kursuna uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycan Prezidentinin yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birgə layihələrin icrasının Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin daha bir nümunəsi olduğunu vurğulayan S.Məmmədov belə layihələrin icrasının kəndlərdə məşğulluğun təmin olunmasında, rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib, layihə çərçivəsində yaradılmış təsərrüfatlarda istehsal edilən məhsulların artıq “Cocuq Mərcanlı” logosu altında satışa çıxarıldığını diqqətə çatdırıb. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və TİKA-nın Bakı nümayəndəliyinin proqram kordinatoru Teoman Tiryaki Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında əhəmiyyətini vurğulayıb, belə layihələrin bundan sonra da reallaşdırılacağını diqqətə çatdırıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin həyata keçirdiyi tədbirlərdən danışıb, Cocuq Mərcanlıda fəaliyyət göstərən sahibkarların dəstək xidmətləri ilə tam əhatə olunacağını bilidirib.